“Neftçi” ilə “Qarabağ”ın “dava”sına fərqli baxış: “Nyukasl”, yoxsa “Sabah”?

16:00 Problem 403
“Neftçi” ilə “Qarabağ”ın “dava”sına fərqli baxış: “Nyukasl”, yoxsa “Sabah”?

Misli Premyer Liqasında son günlər ən çox müzakirə olunan məsələ “Neftçi” - “Qarabağ” oyununun təxirə salınması ehtimalıdır.

Düzdür, PFL bu komandaların qarşılaşacağı turun oyun cədvəlini artıq açıqlayıb.

Orada bu matçın təxirə salınmayacağı qeyd olunub, amma məsələ hələ də gündəmdədir. “Qarabağ” tərəfi Çempionlar Liqasının “Nyukasl”la oyununa daha yaxşı hazırlaşmaq üçün bu matçın təxirə salınmasının daha yaxşı olması fikrindədir.

“Neftçi” azarkeşləri isə sosial şəbəkələrdə bu ehtimala çox sərt reaksiya göstərir.

Məsələ bir neçə gündür Azərbaycan futbol ictimaiyyətində geniş müzakirə olunur. Amma bu müzakirədə nəzərə alınmayan bir tərəf var ki, bu da “Sabah”dır.

“Neftçi” – “Qarabağ” oyununun təxirə salınması bəlkə də “Neftçi”dən də çox “Sabah”a təsir edəcək. Komanda “Qarabağ”la çempionluq yarışı içərisindədir və rəqibini 4 xal qabaqlayır.

Mövsümün sonuna hələ 16 tur var. Əlbəttə, bu turlar ərzində həm “Sabah”ın, həm də “Qarabağ”ın xal itirmək ehtimalı var.

“Qarabağ”ın ən çox xal itirmə ehtimallarından biri isə məhz “Neftçi” ilə oyundadır. Belədə, çempionatın qızğın çağında bu matçın təxirə salınması “Sabah”ın da “Qarabağ”dan bir az da aralanması ehtimalının üzərindən xətt çəkir.

Elə “Qarabağ” özü də çox güman bu oyunun təxirə salınması ilə bağlı israrında “Nyukasl”la oyunu yox, məhz “Sabah”la çempionluq uğrunda mübarizəni nəzərə alıb.

Çünki, “Neftçi” ilə oyunun keçirilməsi komandanın əsas heyətinin İngiltərnin “ağ-qaralar”ı ilə oyuna hazırlaşmasına heç bir əngəl ola bilməz.

Ağdam klubunun geniş heyəti var. Komanda “Neftçi” ilə oyuna ikinci heyətlə də çıxa bilər. İkinci heyətdə isə heç də 2-ci dərəcəli oyunçular çıxış etmir.

Məncə, hər kəs razılaşar ki, Azərbaycan millisinin üzvləri – Toral Bayramov, Musa Qurbanlı, Zaqreb “Dinamo”sundan transfer edilmiş Sami Mmae, braziliyalı müdafiəçi Dani Bolt, vaxtilə “Sabah”ın əsas heyətində elə məhz həmin “Qarabağ”a qarşı çempionluq uğrunda mübarizə aparmış Aleksey Kaşuk, Kadi Borqes, Emmanuel Addai kimi hücum oyunçuları nəinki zəif oyunçular deyillər, hətta avrokuboklar uğrunda mübarizə aparan istənilən komandanın əsas üzvü olmaq iqtidarındadırlar.

Elə bu heyət də meydana çıxıb “Neftçi” ilə başa-baş mübarizə aparmaq, hətta meydandan 3 xalla ayrılmaq iqtidarındadır.

Sadəcə, “Kəpəz”lə çempionat və “Şamaxı” ilə kubok oyununda bu heyətin aldığı məğlubiyyətlər çox güman Ağdam klubunda bunun riskli olması barədə fikir formalaşdırıb ki, oyunun təxirə salınması ilə bağlı müraciət ediblər.

Amma mövcud vəziyyət onu göstərir ki, bunun kökündə “Nyukasl”la ÇL oyunu yox, “Sabah”la çempionluq titulu uğrunda mübarizədə bir qədər də geri qalmaq narahatlığı yatır.

Əslində, bu amil özü də sevindirici məqamdır. Deməli, Azərbaycanda illərlə gözlədiyimiz rəqabət artıq mövcuddur.

Artıq heç bir komanda tək ayaqla çempion olamaqdan danışa bilmir. Amma belə bir məqamda bu oyunun təxirə salınması nə qədər ədalətlidir? Bunu sizin öhdənizə buraxıram.

Xəlil Sadıq

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti