Sülh müqaviləsi üçün yenə “Qarabağ şərti”- Paşinyan özünü “çərçivə”yə salır

19 Noyabr 2022 18:50 Problem 410
Sülh müqaviləsi üçün yenə “Qarabağ şərti”- Paşinyan özünü “çərçivə”yə salır

Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, “Dağlıq Qarabağ problemi” həllini tapmadan Azərbaycanla sülh sazişini imzalamaq mümkün olmayacaq; baş nazir Nikol Paşinyan isə Azərbaycanla sülh müqaviləsi əvəzinə, çərçivə sazişi imzalamaqdan danışır; ermənilər Fransa və İranın dəstəyi sayəsində müharibəyə hazırlaşır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, “Dağlıq Qarabağ problemi” həllini tapmadan Azərbaycanla sülh sazişini imzalamaq mümkün olmayacaq.

Qriqoryan sülh üçün Qarabağın ermənilər yaşayan hissəsi ilə bağlı heç olmasa müəyyən dəqiqləşdirmələrin olmasını vacib sayıb.

Onun sözlərinə görə, erməni tərəfi Azərbaycanın təqdim etdiyi 5 baza prinsipin genişləndirilmiş variantı üzərində işləyib. “Noyabrın 7-də iki ölkənin XİN rəhbərləri Vaşinqtonda bu əsnada görüşüblər. Hazırda Ermənistanla Azərbaycan arasındakı problemlərin kompleks həllinə imkan verən bu mətn çərçivəli razılaşma təsiri bağışlayır. Düşünürəm ki, artıq sülh prosesinin hansı səpkidə aparılması daha da müəyyənləşir”, - deyə Qriqoryan vurğulayıb.

Onun fikrincə, Ermənistanla Azərbaycan arasında 4 böyük mövzu var ki, onlar da öz növbəsində alt mövzulara bölünür: “Birincisi, humanitar məsələlər, bütün əsirlərin tezliklə azad edilməsi, ikincisi, nəqliyyat yollarının açılması, daha sonra delimitasiya, sərhədlərin təhlükəsizliyi və Dağlıq Qarabağ probleminin həlli üzrə komissiyaların işidir. Təbii ki, danışıqlarda Qarabağ məsələsi müzakirə olunur, biz irəliləyişlə bağlı mümkün həll yollarını axtarırıq. Məsələni gələcəyə buraxmaq, ya da Dağlıq Qarabağla Azərbaycan arasında hüquq və təhlükəsizliyin müzakirəsi üçün beynəlxalq mexanizm yaratmaq variantı var. Dağlıq Qarabağ problemini həll etmədən, heç olmasa, Qarabağ probleminin necə həll olunacağına aydınlıq gətirmədən sülh müqaviləsi bağlamaq mümkün deyil. Qarabağ problemindən yan keçmək mümkün deyil, bu bütün iclaslarda müzakirə olunur, gündəmdədir”.

Qriqoryanın “Dağlıq Qarabağ problemi” həllini tapmadan sülh mümkün deyil fikirləri Azərbaycanın mövqeyinə tam əks fikirlərdir. Çünki Azərbaycan hesab edir ki, sülh sazişində, ümumiyyətlə, “Dağlıq Qarabağ”, “status” ifadəsi olmamalıdır. Ona görə ki, “Dağlıq Qarabağ” adlı ərazi vahidi yoxdur və nə vaxtsa mövcud olan bu problem həllini tapıb. Ermənilər sülh istəyirlərsə, mövcud reallıqları qəbul etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar. Ancaq biz görürük ki, erməni tərəfi hər vasitə ilə “Dağlıq Qarabağ” məsələsini gündəmə gətirməyə çalışır. Ermənistanın yenidən “heç olmasa, Qarabağ probleminin necə həll olunacağına aydınlıq gətirmədən” şərtini irəli sürməsi İrəvan daxil, sülh prosesini pozmaq istəyən qüvvələrin marağındadır. Bu əsnada ilk ağla gələn Rusiyadır. Çünki “Moskva variantı” deyilən 15 prinsipdə Qarabağla bağlı məsələ də var. Amma Qarabağ şərtinin irəli sürülməsi təkcə Rusiya ilə bağlı deyil. Fransa da erməni lobbisinin pullarından qidalanaraq sərsəm şərtlər irəli sürür ki, senatın bədnam qətnaməsi buna sübutdur.

Ermənistanın baş naziri Nikol Paşinyan isə parlamentdə deyib ki, sərhədlərin delimitasiyası prosesi bir neçə il çəkə bilər və bu səbəbdən Ermənistan Azərbaycanla sülh müqaviləsi əvəzinə çərçivə sazişi imzalamağı nəzərdən keçirir. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması zamanı sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başa çatması real görünmür. Beləliklə, İrəvan yenə danışıqları sıfırlayacaq və tormozlayacaq mövqedən çıxış etməkdədir. Bu da Bakını sülhə məcburetmə addımlarını atmağa, “Dağlıq Qarabağ” məsələsində bölgəni separatçılardan güc yolu ilə təmizləməyə sövq edir. Bəs mütəxəssislər Qriqoryan və Paşinyanın açıqlamalarını necə qiymətləndirir?

Erməni xalqı Azərbaycanla qonşu olmaq istəyir - Xəyal Bəşirov - VİDEO

Xəyal Bəşirov

“Yeni Müsavat”ın sualını cavablandıran siyasi ekspert Xəyal Bəşirov qeyd etdi ki, noyabrda Brüssel görüşü keçirilməli idi, amma bu haqda danışılmır: “Şarl Mişel bəyanat vermişdi ki, xarici işlər nazirləri səviyyəsində görüşdə sülh sazişinin mətni müzakirə olunacaq. Bu görüş gec də olsa baş tutdu, Vaşinqtonda da nazirlər bir araya gəldilər, amma sülh mətni razılaşdırıla bilmir. Çünki İrəvan məsələni uzadır. Paşinyan da dedi ki, yaxın illərdə sərhədlər müəyyən olunmayacaq. Ermənistan anlayır ki, delimitasiya prosesi həyata keçirilərsə, sülh müqaviləsi imzalanacaq, ona görə işi yubadırlar”. Siyasi şərhçi Azərbaycanın konkret təklifləri olduğunu yada saldı: “Həmin beş bəndlik prinsipdə Ermənistanın qəbul etməyəcəyi müddəa yoxdur. Amma yenə də müxtəlif bəhanələr axtarırlar. Hətta Paşinyan etiraf edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, Almatı Bəyannaməsinə istinad edir, amma bütün bunların ardınca 180 dərəcə mövqeyini dəyişib "Dağlıq Qarabağ" mövzusunu gündəmə gətirirlərsə, deməli, Ermənistan sülh prosesini pozmağa çalışır. Prezident İlham Əliyev isə Şuşada çıxışında vurğuladı ki, bütün məsuliyyəti Ermənistan daşıyır. Faktiki olaraq, ermənilər Fransa və İranın dəstəyi sayəsində müharibəyə hazırlaşır. Bunu biz görməkdəyik. Əgər hərbi təxribatlara başlasalar, layiqli şəkildə cavab alacaqlar".

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlının dediyinə görə, həm Qərb, həm Rusiya masasından Qarabağ mövzusu çıxarılıb: ““Qarabağ münaqişəsi”nin bitdiyi, ermənilərin Azərbaycan vətəndaşı olaraq bölgədə yaşaya biləcəyi mövqeyi güclənib. Proseslərin mürəkkəbliyi və geosiyasi oyunçuların bölgədə məhz Qarabağ üzərindən hərəkət etməsi fonunda diqqətçəkən nəticələrdir. Və proseslərdən çıxan bir nəticə də var: Qarabağa nəzarəti tam bərpa etmək üçün ordunun kazarmalardan çıxması zərurəti yaranacaq, nə ermənilər, nə ruslar başqa çıxış yolu qoymur. Bakı Ermənistanın Naxçıvana maneəsiz keçidin verilməsi öhdəliyini yerinə yetirməməsinə qarşı Qarabağdakı emənilərin istifadə etdiyi Laçın yolunun “toxunulmazlığının” pozulacağına işarə edir. Soçi görüşündən sonra dəhlizdən silah-sursatın daşınması faktının ortaya çıxması da bu istiqamətdə əsaslar yaradır. Əliyevin fikirlərindən çıxan ümumi nəticə budur ki, qarşıdakı dövrdə Azərbaycan Ordusunun proseslərə müdaxiləsi mümkündür. Və bu silahın daşınması faktı göstərir ki, Azərbaycan-Ermənistan sülh müqaviləsi imzalansa belə, Qarabağda “etnik münaqişə” kartını işə salacaqlar. Bu, Rusiyaya bölgədə qalma müddətini uzatmaq, Ermənistan və Qərbdə İrəvanla eyni mövqedən çıxış edənlər üçün qondarma “artsax”ı saxlamaq üçün lazımdır və bu nöqtədə Bakı ilə Ankaradan savayı bütün tərəflərin mövqeyi böyük ölçüdə uzlaşır".

SON XƏBƏR: Rusiya etiraz aksiyalarına hazırlaşır, insanlar küçələrdə – Fuad  Abbasovla

Fuad Əliyev

ALDP sədri Fuad Əliyev bildirir ki, Ermənistan alayarımçıq sülh istəyir, içində Qarabağ ayrıca subyekt olsun: “Azərbaycan bunu qəti şəkildə rədd edir. Qriqoryan tutuquşu kimi eyni fikirləri təkarlayır, lakin unudur ki, sülh danışıqları bütün Qarabağa bizim nəzarətimiz çərçivəsində mümkündür. Sadəcə, erməniləri ruhlandıran Rusiya liderinin çıxışıdır. Kreml rəhbəri ""Vaşinqton variantı"nda bütün Qarabağın Azərbaycana verilməsi nəzərdə tutulur deməklə İrəvanı özünə tərəf çəkə bildi. Ona görə indi “Qarabağsız sülh müqaviləsi ola bilməz” deyirlər. Paşinyan bilir ki, sülh sazişi imzalasa, Qarabağ tam itiriləcək. Buna görə vaxtı gecikdirirlər, düşünmürəm ki, ilin sonuna sülh sənədi imzalansın. Bu gedişatı gördükdə məlum olur ki, sülh müqaviləsinin mətnini razılaşdırmaq çətinləşəcək". Partiya sədri hesab edir ki, sülhə doğru prosesdə əvvəlcə bir neçə problem yoluna qoyulmalıdır: “Tərəflər nəqliyyat-kommunikasiya xətlərini bərpa etməlidirlər ki, ən azı bir addım irəliləyiş əldə olunsun. Ardınca sərhədləri dəqiqləşdirməyə başlamalıdırlar, hətta bu iş uzun çəkə bilər, amma heç olmasa start versinlər. Eyni zamanda ikitərəfli görüşlər baş tutmalıdır, Əliyevlə Paşinyan vasitəçisiz müzakirələr aparmalıdırlar. Əgər bu sadalanan məsələlərdə bir qarış da olsa irəliləyiş olarsa, gələcəkdə sülh müqaviləsi üçün müəyyən ümidlər formalaşa bilər. Bizsə bunu müşahidə etmirik, iki ildə keçirilən görüşlər praktik olaraq nəticə verməyib. Ermənistan silahlanır, toparlanır, revanşizm ovqatı güclənir, Qarabağ iddiası qalır, ayrı-ayrı güc mərkəzləri İrəvanı dəstəkləməklə stimullaşdırır, beləcə kapitulyant Paşinyan götürdüyü öhdəlikləri yerinə yetirməkdən yayınır. Onlar yalnız güc dilindən anlayırlar”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda