Azərbaycan azarkeşi nə üçün “Qalatasaray” dedi? - REAKSİYALAR

19 Sentyabr 2020 18:20 Neftçi 479
Azərbaycan azarkeşi nə üçün “Qalatasaray” dedi? - REAKSİYALAR

Sentyabrın 17-də Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçirilən oyunda “Neftçi” “Qalatasaray”a 1-3 hesabı ilə məğlub oldu.

Bununla da flaqman avrokuboklarla vidalaşdı. İstər oyundan öncə, istərsə də sonra oyun ətrafında geniş müzakirələr gedir.

Xüsusilə “Qalatasaray”a azarkeşlik edənlərin “Neftçi”yə nisbətən çoxluq təşkil etməsi ciddi qınaqlarla üzləşdi. Bir sözlə, bu məsələ ətrafında ictimaiyyət iki hissəyə bölündü.

Doğrudur, öz klubumuzun tərəfini tutanlar da az deyildi. Amma ümumi bir mənzərə yarandı ki, əgər pandemiya səbəbindən oyun azarkeşsiz keçirilməsəydi, stadionun yarıdan çoxunu türk klubunun azərbaycanlı azarkeşləri dolduracaqdı.

Amma bununla belə “Qalatasaray”a azarkeşlik edənlərin çoxluğuna normal yanaşanlar da az olmadı. Onlar hesab edirlər ki, İstanbul təmsilçisi qardaş dövlətin klubudur, onunla “Neftçi”nin qələbəsi arasında elə də fərq yoxdur.

Avropa Liqasında “Qalatasaray”ın flaqmana nisbətən irəliləmək şanslarının yüksək olmasının azarkeş sayına ciddi təsir etdiyi vurğulanır.

Fazil Mustafa: “Qalatasaray”ın qalib gəlməsi müəyyən mənada yaxşıdır ki..."

Futbola yaxınlığı ilə seçilən Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa: “Neftçi” pis oynamadı. Əslində qapıçının səhvindən bir top qapıdan keçdi. Amma ümumi olaraq, bərabər səviyyəyə yaxın oyun getdi. “Qalatasaray”ın şansları təbii olaraq böyük idi. Transferləri, büdcəsi “Neftçi” ilə müqayisə oluna bilməz. Bütün bunlardan çıxış edərək nəticə gözlənilən idi. Amma tamaşaçı məsələsi belədir, məsələn, Yunanıstanda hansısa bir klubun azarkeşləri rəqib türk klubu olanda belə bəzən ona azarkeşlik edirlər ki, o qalib gəlsin və onların komandası bir müqayisə olanda geri qalmasın. Bu, futboldur, siyasətə qatmaq olmaz. Azərbaycanda “Neftçi”nin perspektivi böyük deyil. Avropa Çempionatında oynamır. Amma “Qalatasaray”ın perspektivi böyükdür. Onun üçün də flaqmanın çox da irəli gedə bilməyəcəyini düşünərək türk klubuna azarkeşlik etdilər. Bunun başqa bir adı yoxdur, sırf futbolla, fanatizmlə bağlı bir şeydir. Ona görə də burada hansısa bir yeni məna axtarmaq doğru deyil. Məsələn, Türkiyədə də bəzən belə olur ki, milli komanda oynayanda hamı birləşir, amma “Qalatasaray” hansısa bir klubla oynayanda bir fənərbaxçalı onun qalib gəlməsini çox da arzulamır. Ona görə ki, səhəri gün müqayisə olanda “Fənərbaxça”dan önə keçir".

Deputat bu oyunla idman növündə də Azərbaycan və Türkiyənin bir daha qardaş ölkələr olduğunun sübut edildiyini söylədi: “Bu, idmandır. Kimsə qalib gəlməlidir. ”Qalatasaray"ın qalib gəlməsi müəyyən mənada yaxşıdır ki, irəli gedəcək, yəni türk komandasının növbəti mərhələ oyunlarında udmaq şansları çoxdur. Məsələn, onu da deyək ki, “Qarabağ” “Molde” ilə oynayanda hamımız öz klubumuza azarkeşlik edirdik. Çünki bilirdik ki, öz komandamızdır, onun irəli getməsi çox yaxşıdır. Hətta “Qarabağ”la “Qalatasaray” oynasa belə biz yenə də öz klubumuza azarkeşlik edəcəkdik ki, o irəli çıxsın. Amma indiki şərtlərdə “Neftçi”nin şansları çox da böyük deyildi. İnsanların oyuna yanaşmasına bu amilin də az təsiri olmadı. Əgər şans olsaydı ki, “Neftçi” irəli gedib, qrup mərhələsinə çıxa bilər, onda əmin olun ki, ona azarkeşlik edənlərin sayı daha çox olacaqdı".

Aydın Bağırov: “Bunun səbəbini klublarımızın və milli komandamızın uğursuz çıxışlarında görürəm”

Qol.az saytının baş redaktoru Aydın Bağırov: “Oyunun üzərində dayanmaq istəmirəm. Çünki ”Qalatasaray"ın qələbəsi gözlənilən idi. “Qalatasaray” bütün göstəricilərdə bu gün “Neftçi”dən üstündür, həm klub, həm futbolçuların ustalıq səviyyəsi, həm məşqçinin təcrübəsi, həm də digər amillərdə. Favorit “Qalatasaray” sayılırdı. Güclü olan tərəf qazandı. Digər suallarınıza gəlincə, Azərbaycan-Türkiyə hər zaman bir yerdə olublar, iki qardaş ölkədirlər. Cəbhədəki son hadisələrdə və ondan sonrakı zamanda Türkiyənin siyasi və hərbi istiqamətdə dəstəyindən sonra azarkeşlərimizin “Qalatasaray”a, türk klubuna rəğbətinin daha da artmasında qeyri-adi heç nə yoxdur. Burada söhbət həm də ondan gedir ki, “Qalatasaray”ın Azərbaycanda insanlar arasında futbolun nüfuzunun qalmasında böyük rolu olub. 90-cı illərin sonlarından başlayaraq, ən çox da 2000-ci ildə “Qalatasaray” UEFA kubokunu qazanandan sonra bu kluba ölkəmizdə çox böyük bir maraq yarandı, o cümlədən, Türkiyə milli komandasına, digər türk klublarına. “Qalatasaray” məhz o uğurundan sonra özünü Azərbaycanda və bütün türk dünyasında sevdirə bildi. O vaxtdan bəri bu komandanın ölkəmizdəki azarkeşlərinin sayı dayanmadan artmaqdadır. Klub artıq o dərəcəyə çatıb ki, Azərbaycan fan-klubu da var. Hətta “Qalatasaray”ı aerportda belə qarşıladılar. Bütün bunlar təbiidir. Bizim azarkeşlərin bu oyunda “Neftçi”dən çox “Qalatasaray”a azarkeşlik etdiklərinə gəlincə, hesab edirəm ki, bunun səbəbini başqa məsələlərdə axtarmaq lazımdır. Sual qoymalıyıq ki, nəyə görə “Qarabağ” oynayanda onun oyununa milyonlarla azərbaycanlı azarkeşlik edir? “Qarabağ”la “Qalatasaray” oynasa belə klubumuza azarkeşlik edənlər daha çox olacaqdı. Məsələ bundadır ki, digər klublarımızın son illərdəki uğursuzluqları azarkeşlərin onlardan incikliklərinə gətirib çıxarıb. Haradasa futbolumuza soyuq münasibət yaranıb, bu həm klublar, həm də milli komanda səviyyəsində belədir. Əgər bizim insanlarımız yerli futboldan, klublardan inciyiblərsə, bunun səbəbini “Qalatasaray”da axtarmalı deyilik. Sualı belə qoymalıyıq, niyə Azərbaycan futbolu bu vəziyyətə düşüb ki, azarkeşlərimiz futbolda uğuru hətta Türkiyə olsa belə başqa ölkələrin klublarında axtarırlar. Bu, çox böyük bir mövzudur, saatlarla danışmaq olar. Qısacası bunun səbəbini milli çempionatımızın səviyyəsinin aşağı olmasında, klublarımızın və milli komandamızın uğursuz çıxışlarında görürəm. Bu məsələləri mütləq yoluna qoymalıyıq".

Cavanşir ABBASLI

Digər Xəbərlər
Xəbər Lenti