“Neftçi”nin legioneri Mark Tamaş Sportinfo.az-a müsahibə verib.
29 yaşlı macar müdafiəçi “Qarabağ”a 0:2 hesablı məğlubiyyətdən sonra sualları cavablandırıb.
- Oyuna pis başlamamışdınız. Niyə məğlub oldunuz?
- Bəli, matça həvəslə başlamışdıq və bunun məntiqi nəticəsi kimi qol imkanlarımız da oldu. Daha doğrusu, hər iki komanda qol fürsətləri yaxaladı. Fasilədən sonra sanki nəsə çatmırdı, istədiklərimizi tam yerinə yetirə bilmirdik. Hesabda geri düşəndən sonra yenə real qol fürsətlərimiz olsa da, qol vura bilmədik. Nəticədə əks-hücumlarda effektli olan “Qarabağ” ikinci qolu vurub qalib gəldi. Uduzduq, amma bu, son deyil. Toparlanıb, səhvlərdən nəticə çıxarıb qarşıdakı görüşə hazırlaşmalıyıq. Bərpa olunmaq üçün qarşıda iki həftə vaxtımız var.
-Bu “Neftçi”nin gələcəyini necə təsəvvür edirsən?
- Şəxsən mənim içimdə pozitiv şeylər var. Son 3 matçda komandamızın oyununda aşkar inkişaf hiss olunur. “Neftçi” daha çox qol vurmalıdır. Bu gün əsas problemimiz budur. Ələ düşən imkanları dəyərləndirə bilsək, çox yaxşı nəticələr əldə edəcəyik.
- Həqiqətənmi “Qarabağ”a qarşı oynamaq, bu komandanı dayandırmaq mümkünsüz dərəcədə çətindir?
- Səmimi danışaq, ilk hissədə onların 100 faizlik qol imkanı olmadı. Bu o deməkdir ki, 45 dəqiqə ərzində “Qarabağ”ın qarşısını almağı bacardıq. Biz onlara əks-hücum imkanı verməməliydik. Ümumi götürsək, onlardan geri qaldığımızı, zəif oynadığımızı düşünmürəm. Sadəcə, onlar ələ düşən imkanlarını qola çevirə bildi, biz isə yox.
- Bu “Neftçi” bu “Qarabağ”la çempionluq uğrunda mübarizə apara biləcək gücdədir?
- Mən buna inanıram. Qarşıda “Qarabağ”la üç şəxsi oyunumuz var. Çatışmazlıqlarımız üzərində çalışıb qol vurmağın üzərində işləsək, sona qədər mübarizə apara bilərik. Mən bura çempion olmaq üçün gəlmişəm.
HƏBİB

