“Dauqavpils”də ən böyük üstünlük daim oynamağımdır.
Elə yaşdayam ki, inkişaf etmək üçün mütəmadi şans qazanmalıyam”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Latviya klubunda legioner həyatı yaşayan Ramin Nəsirli deyib.
“Neftçi”nin yetirməsi olan 21 yaşlı yarımmüdafiəçinin Latviyada oynaması əksəriyyət tərəfindən birmənalı qarşılanmır.
Onların fikrincə, bu ölkə “artırmaq” və irəli boylanmaq baxımından doğru ünvan deyil. İndiyə qədər bir neçə azərbaycanlı “Dauqavpils”in şərəfini qorusa da, orada duruş gətirməyərək Azərbaycana qayıdıb.
Ramin fərqli fikirdədir. U-21 millimizin üzvü Latviyada oynamağı sözün hər mənasında üstünlük hesab edir:
“6-7 ay ərzində 30-dan çox matçda forma geyinmişəm. Latviyanın RFŞ, “Riqa” kimi güclü komandalarına qarşı oynamaqla əlavə təcrübə qazanıram.
Güclü futbolçulara qarşı oynamaq, bəzən onlarla birlikdə olmaq dünya görüşü qazandırır. Əcnəbi skautlar Latviya çempionatını daim diqqətdə saxlayır.
Latviyalı futbolçular Avropa Birliyi pasportuna sahibdirlər deyə buradan çıxış imkanı rahatdır. Azərbaycanla müqayisədə Latviyaya diqqət daha çoxdur.
Futbolçu ölkə xaricində nə qədər çox oynasa və statistik göstəriciləri yaxşı olsa, internet qaynaqlarındakı dəyəri bir o qədər artır”.
Ramin Nəsirli “Dauqavpils”də meydana çıxdığı 31 oyunda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
HƏBİB

