
"Neftçi"nin yayda sıralarına qatdığı Aaron Olanareyə hər ay nə qədər ödəmə etməsi məlum olub.
Nigeriyalı hücumçunun Azərbaycandakı aylıq əməkhaqqısı 40 min dollardır.
O, həftəsonu qol hesabını açdı.
Premyer Liqanın 8-ci turunda ”Turan Tovuz”la səfərdə keçirilən görüşdə adını tabloya yazdırdı. Afrikalının 87-ci dəqiqədə başla vurduğu yeganə qol qonaqlara 3 xal qazandırdı.
Avqustda 1 illik sözləşməyə imza atan Aaron Olanare son olaraq Türkiyədə "Ərzurumspor"un formasını geyinib. 29 yaşlı forvard 2016-2018-ci illərdə Moskva MOİK-inin şərəfini qoruyub.
O, buna qədər ölkəsinin “Şutinq Starz”, Norveçin “Valerenqa” və “Sarpsborq”, Çinin “Quançjou”, “Siçuan” və “Çançun Yatay”, Rusiyanın “Amkar” və İsrailin “Beytar" (Yerusəlim) klublarının da formasını geyinib.
Son 2 mövsümü “Ərzurumspor”da keçirən hücumçu I Liqada 23 matçda 4 dəfə fərqlənib. Olanare Nigeriya millisində 7 oyunda 2 qol vurub.
SPORTİNFO.AZ