Emin Mahmudov "bəlkə bizdən küsmüsən" sualına güldü: "Yox, danışmaqdan yorulmuşam”

1 Oktyabr 21:20 Neftçi 690
Emin Mahmudov "bəlkə bizdən küsmüsən" sualına güldü: "Yox, danışmaqdan yorulmuşam”

“Neftçi” Premyer Liqanın 8-ci turun qələbə ilə başa vurdu.

“Turan Tovuz”un qonağı olan bakılılar minimal hesablı üstünlüklə (1:0) 3 xalı aktivlərinə yazdıra bildilər.

Qarşılaşmadan vurulan yeganə qolun müəllifi Aaron Olanare oldu.

Nigeriyalı legioner matçda əsas vaxtın bitməsinə 3 dəqiqə qalmış hava-su kimi vacib qolun müəllifi oldu.

Düşünmək olardı ki, qələbə rəsmilər və futbolçuların üzünü güldürəcək.

Lakin üzlərdən bu mənzərəni sezmək mümkün olmadı.

Sanki bir ümidsizlik onlara hakim olmuşdu.

Ən azı futbolçuların əksəriyyətinin arenanı susqun tərk etməsi bunu deməyə əsas verirdi.

Bir sözlə, qələbə havası üz cigilərində yox idi.

Əbəs deyil ki, “Ağ qaralar”ın futbolçuları qələbəyə rəğmən belə mətbuata danışmaqda o qədər də maraqlı olmadılar.

Ervin Koffi ilk müraciətimizə “hə” dedisə, onun xaricində bir neçə legioner və yerli futbolçu danışmaqdan imtina etdi.

Düşünmək olardı ki, bu durumda heç olmasa Emin Mahmudov sinəsini qabağa verib, suallara cavab verəcək.

Təəssüf ki, kapitan da israrımıza rəğmən danışmaq istəmədiyini bildirdi.

Emin "Bəlkə bizdən küsmüsən" sualına isə gülərək "Yox, danışmaqdan yorulmuşam” - deyərək klub avtobusunun yolunu tutdu.

Görünür, arxada 8 tur qalmasına baxmayaraq, komandanın hələ də parlaq futbol oynamağı bacarmaması futbolçuların da əhvalına mənfi təsir edir.

Hətta qələbə qazanılan matçdan sonra da bunu görməmək mümkün deyil.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti