
“Məni “Neftçi”yə gətirən menecerin klubdan alacağı qalıb. Bir az da mənə verməlidirlər”.
“Ağ-qaralar”ın sabiq futbolçusu Tyaqo Bezerra Sportinfo.az-a açıqlamasında klubla arasında yaranmış problem barədə danışıb.
2021-2022 mövsümündə paytaxt təmsilçisinin şərəfini qoruyan, 25 oyunda rəqib qapılarından 10 top keçirən braziliyalı forvard “Neftçi”dən borcunu ala bilmədiyinə görə FİFA-ya şikayət edib.
Məsələni araşdıran dünya futbol qurumu Tyaqonun şikayətini qismən təmin edib.
36 yaşlı futbolçu “ağ-qaralar”ın üzərinə götürdüyü öhdəlikləri yarımçıq yerinə yetirdiyini bildirib.
Bezerra saytımıza açıqlamasında məbləğin adını çəkməsə də, ümumi bilgi verib:
“Nə gizlədim, mənə qalan borcları elə də çox deyil. Əsas borc agentimədir. “Neftçi” komisyon haqqını ödəmədiyindən agentim klubdan FİFA-ya şikayət edib.
Hazırda İstanbulda yaşayan məşhur vəkil bu işlə məşğuldur. Məbləğ nə qədərdir? Həqiqətən məndə dəqiq informasiya yoxdur. Rəqəmlər menecerlə vəkildədir”.
2022-ci ilin iyununda ölkəmizdən ayrılandan sonra Səudiyyə Ərəbistanına yollanan təcrübəli «sambaçı» "Əl-Aruba"ya keçib.
HƏBİB / SPORTİNFO.AZ