“Turan Tovuz” bu gün mövsümdə növbəti ev matçına çıxacaq.
Rəqib mövsümə böyük iddialarla başlayan “Neftçi”dir.
Düzdür, “ağ qaralar”ın tarixi, adlı-sanlı baş məşqçisi, yayda düşərgəyə cəlb edilən bahalı legionerləri qorxulu görünə bilər, amma indiki durumu təhlil edəndə qərb təmsilçisi üçün qorxudan çox, qələbə üçün yaxşı fürsətlər olduğu görünür.
CİDDİ İTKİLƏR
Uzun müddətli zədədən yeni qayıdan Eddi İsrafilov hələ də matçlarda meydana çıxmağa hazır deyil.
Ən böyük itki isə yayda heyətə cəlb edilən, qısa müddətdə böyük sevgi qazanan, müdafiəçi olsa da hücumda da aktiv iştirak edən (7 matçda 2 qolu var) Yuri Matiasın yoxluğudur. Braziliyalı stoper sarı vərəqə limitin doldurduğu üçün Tovuzda meydana çıxa bilməyəcək.
SƏFƏR PROBLEMİ
“Neftçi” arxada qalan 7 turdan 5-in səfərdə keçirib. Komanda bu matçlarda cəmi bir qələbə qazana bilib. Digər 4 matçda 2 məğlubiyyət və 2 bərabərlik qeydə alınıb. Bunlar arasında digər qərb təmsilçisi “Kəpəz”ə məğlubiyyət (0:1) xüsusi qeyd edilməlidir.
HÜCUMDAKI DİŞSİZLİK
Mutunun yetirmələri səfər matçalarında uğursuz nəticələrlə yadda qaldığı kimi, hücumçuların “dişsiz” görünməsi də diqqət cəlb edir. Rəqib meydanlarında baş tutan 5 qarşılaşmada rəqib qapısının torunu cəmi 3 dəfə silkələmək mümkün olub. Və həmin qollardan heç birində forvard imzası yoxdur. Birini “Sabah”la görüşdə (1:1) Con İrasabal öz qapısından keçirib. Digər 2 qol isə müdafiəyönümlü futbolçular – Yuri Matias və Dieqo Valdezin imzası var.
PSİXOLOJİ DURUM
“Turan” mövsümə iddialı başlayıb. Məqsədi yüksək liqada qalmaq olan kollektiv 7 turdan sonra aktivinə 11 xal yazdırmaqla hazırda ilk dördlükdə qərarlaşır. Təbii ki, bu nəticə gözləntilərin çox üstündədir. Belədə daxildəki ab-havanın hansı səviyyədə olmasını izah etməyə gərək yoxdur.
“Neftçi” isə səs-küylü dəyişiklərin, böyük iddiaların kölgəsində qalmaqdadır. Hesabında 9 xalı olan paytaxt təmsilçisi ilk “altılıq”ın sonuncu pilləsində qərarlaşıb. Məntiqli olaraq texniki heyət, futbolçular, rəsmilər böyük təzyiq altındadır. Gözləntilər, istəklər çox, amma ümid verən nə oyun var, nə də nəticələr. Bu halda toparlanmaq üçün dəmir iradə, yüksək psixolji durum lazımdır.
Göründüyü kimi, bütün müqayisələrdə “Neftçi” ikinci planda görünür. Bölgə klubu bir qədər diqqətli olmaqla Mutunun “Neftçi”sinə növbəti şoku yaşada bilər.
XANOĞLAN İMANOV