
27 sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Məhz 2020-ci ilin bu günündə Vətən müharibəsi başlamış, rəşadətli Azərbaycan ordusu işğal altındakı Qarabağ torpaqlarını azad etmişdi.
44 gün davam edən müharibədə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdi.
Ölkəmizin ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə şəhid qardaş və bacılarımızın xatirəsinin əziz tutulması məqsədi ilə hər ilin bu günü ölkədə Anım Günü kimi qeyd olunur.
Azərbaycanda məşqçilik edən, top dalınca qaçan və müxtəlif vəzifələrdə çalışan əcnəbilərə məlum Vətən müharibəsi haqda məlumat verilməli, 27 sentyabrın önəmi haqda danışılmalıdır. Bu işdə əsas yük klubda çalışan azərbaycanlıların üzərinə düşür.
Sosial şəbəkələrə nəzər yetirəndə “Neftçi”dəki əcnəbilərin fəallığı diqqət çəkdi. Ağ-qara formanı geyinən legionerlər “instagram” hesablarında paylaşımlar etməklə həm xüsusi günü diqqətdə saxlayıb, həm də Qarabağ həqiqətlərini dünyaya çatdırıb.
Lukas Melano, Dieqo Valdez, Andre Şinyaşiki, Mark Tamaş, Yuri Mattias, İvan Brkiç kimi legionerlər Anım Günü ilə bağlı “hekayə” bölümündə müxtəlif paylaşımlar edib.
Adrian Mutu isə baş məşqçi adına uyğun olaraq ayrıca paylaşım edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə başsağlığı verib, Azərbaycan dilində “Allah rəhmət eləsin!” yazıb.
Təəssüf ki, eyni münasibəti əsas heyətə düşməkdə çətinlik çəkən Ervin Koffi, İqor Boqomolski, Kilan Lebon, Aaron Olanaredən, eləcə də israilli əcnəbilər Kenni Sayeflə Ataa Caberdən görmək mümkün olmadı.
HƏBİB / SPORTİNFO.AZ