“Problem ondadır ki…” – “Neftçi”nin hücumçusu qol vura bilməməsinin səbəbini dedi

26 Sentyabr 2023 23:00 Neftçi 1 337
“Problem ondadır ki…” – “Neftçi”nin hücumçusu qol vura bilməməsinin səbəbini dedi

“Neftçi”nin hücumçusu Andre Şinyaşiki Sportinfo.az-a müsahibə verib.

Braziliyalı valideynlərinin də stadiondan izlədiyi “Zirə” ilə qarşılaşmadan sonra həm bu oyunla bağlı fikirlərini dilə gətirib, həm də digər sualları cavablandırıb.

- Yenə qələbə qazana bilmədiniz.

- Bilirəm, çox çətindir. Fikrimcə, bu gün qələbəyə yaxın idik və 3 xalı haqq edirdik. Sadəcə ələ düşən imkanlardan istifadə edə bilmədik. Qalib gəlmək istəyiriksə, əlimizə düşən fürsətlərdən yararlanmalıyıq. Səhvlərimizə baxıb nəticə çıxarmalıyıq ki, növbəti görüşlərdə özümüzü və azarkeşlərimizi sevindirək.

- Komandanız 7 oyunda cəmi 6 qol vurub. Maraqlıdır ki, qolların heç birində hücumçuların imzası yoxdur.

- Mən özüm də hücumçuyam və meydanda olduğum müddətdə fərqlənmək üçün çalışıram. Komandamızda bacarıqlı və yaxşı göstəricilərə sahib hücumçular var. Vaxt keçdikcə daha yaxşı olacağımıza ümid edirəm. Problem ondadır ki, komanda yeni qurulub, yeni gələn futbolçularımızın sayı çoxdur. Hücumçular komandaya yayda qoşulub. Hücumçuların qol vurması üçün xətlərarası əlaqə yüksək səviyyədə olmalıdır. Hələ ki, bu baxımdan axsayırıq.

- Oyun başa çatandan sonra azarkeşləriniz narazı görünürdü. Hətta Yuri Matiası çağırıb ona iradlarını bildirilər. Haqları çatır?

- Azarkeşlərimiz bizdən qələbə istəyir. Söhbət “Neftçi” kimi komandadan gedirsə, onları başa düşməliyik. Ev və səfər matçlarında yanımızda olurlar. Biz də onları sevindirməyə çalışırıq. İradlara gəlincə, bunu normal qəbul etməli, qələbələri sıralamaq üçün çalışmalıyıq.

- Bu gedişlə vəziyyəti düzəltmək mümkün olacaq?

- Hər şey öz əlimizdədir. Çünki futbolu biz oynayırıq. Daha çox çalışmaqla, uyğunlaşma dövrünü tez başa vurmaqla istəyimizə çata bilərik. Çünki bunun üçün potensialımız var. Əsl mübarizə irəlidədir, ümidli olmalıyıq.

- “Zirə” ilə oyunu valideynlərin də izləyirdi. “Neftçi”ylə və ölkəmizlə bağlı fikirləri necədir?

- Çox məmnundurlar. Necə komandaya gəldiyimi bilirlər və onlar da qələbə qazanmağımızı arzulayır. Bir neçə gündür Bakıdadırlar, amma mənimlə yaşamırlar, oteldə qalırlar. Açıq deyim ki, Bakını çox bəyənirlər, tərifləyirlər. Özlərini burada kifayət qədər rahat hiss edirlər.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar