“Neftçi”nin sevilən futbolçusu Yuri Matias Sportinfo.az-a müsahibə verib.
Braziliyalı müdafiəçi “Zirə” ilə 1:1 hesblı heç-heçədən sonra sualları cavablandırıb.
Matias səbəbkarı olduğu penalti epizodunda hakimin qərarı ilə razılaşmayıb. Lakin oyunun heç-heçə başa çatmasının günahkarının Rəvan Həmzəzadə yox, özlərinin olduğunu bildirib.
- 1:1-dən sonra özünü necə hiss edirsən?
- Çox üzgünəm, çox. Fikrimcə, 3 xal haqqımız idi. Xüsusən ilk hissədə əlverişli qol imkanları yaxaladıq. Ardıcıl qələbələr istəyiriksə, qol vurmağı bacarmalıyıq. Qol vurmasaq, heç kim bizə 3 xal verməyəcək. Bu gün bir daha gördük ki, daha çox çalışmalıyıq. Dayanmadan, yorulmadan, ara vermədən.
- Səbəbkarı olduğun penalti epizodu ilə bağlı nə deyə bilərsən?
- Hakimin qərarını anlamadım. Topu uzaqlaşdırandan sonra rəqibin ayağına təmas etmişdim. Məqsədim topa oynamaq idi və oynadım. Ayağım da təbii halda rəqibin ayağının üstünə düşdü. Topa ani reaksiya verirəmsə, həmin an ayağımı hara qoymalıyam? Göydə qala bilməz axı, yerə qoymalıyam. Orada da rəqibin ayağı varsa, bu o demək deyil ki, niyyətim onun ayağına toxunmaq idi. Hərəkətimdə aqressiya və şiddət yoxdursa, topu vurandan sonra rəqibin ayağının üstünə düşməyim niyə penalti kimi dəyərləndirildi, bunu anlamadım. Dünya futbolunda dəfələrlə bu cür epizodlar yaşanıb, amma penalti verilməyib.
- Hakim qələbəni əlinizdən aldı?
- Xeyr, belə demək istəmirəm. 1:1-dən sonra hesabda önə çıxmaq üçün kifayət qədər vaxtımız var idi, bacarmadıq. Hakim epizodu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndiribsə, çətin də olsa qərara hörmət etməliyəm. Növbəti oyunlarda bu cür epizodlarda diqqətli olmalıyam.
- 7 oyunda cəmi 9 xal. Qatar yavaş-yavaş gedir sanki.
- Heç də yaxşı göstərici deyil. Hər birimiz tunir cədvəlində harada qərarlaşdığımızın və neçə xal topladığımızın fərqinə varmalıyıq. Çempionluğu hədəfləyən, bizə hər cür şəraitin yaradıldığı komanda üçün canımızı verməliyik. Nə olur-olsun vəziyyəti düzəltməliyik.
- Bunun üçün vaxtınız var?
- Çempionat yeni başlayıb, gərgin oyunlar irəlidədir. Digər komandaların xallarına baxsaq, vəziyyətin faciəvi olduğunu düşünmürəm. Həvəsdən düşmək yox, işləmək və gücümüzə inanmaq vaxtıdır. Hər şey öz əlimizdədir. Yeni formalaşan komandayıq və buna görə də durmadan məşq etməliyik. Başqa yolumuz yoxdur.
HƏBİB