«Klubda fəaliyyətimi davam etdirib-etdirməyəcəyim yaxın günlərdə məlum olacaq».
Bu sözləri Sportinfo.az-a açıqlamasında «Neftçi»nin vitse-prezidenti Elnur Eyvazov deyib.
Yeddi ildir klubda vitse-prezident vəzifəsini yerinə yetirən E. Eyvazovun istefa verməsi gündəmdədir.
Təcrübəli funksionerin yeni strukturda təmsil olunub-olunmayacağı ona təklif ediləcək vəzifədən asılıdır.
Aldıığımız məlumata görə, SOCAR uzun illər maliyyə məsələlərinə məsuliyyət daşımış kadrın buradan getməsini istəmir.
O, hadisələrin gedişatını gözlədiyini bildirib:
«Tezliklə klubda yeni struktur formalaşdırılmalıdır. Əvvəlki sistem olmayacaq – bu, dəqiqdir.
Yəni ki, daha «Neftç»də prezident və vitse-prezident vəzifəsi olmayacaq. İndi strukturun açıqlanmasını gözləyirəm.
Mən «Neftçi»də işləmək istəyirəm. Normal vəzifə təklif olunsa, qalacam. Şöbə müdiri yox…
Mən o adamlardan deyiləm ki, adım işdə getsin, havayı maaş alım. Bunu özümə heç vaxt yaraşdırmamışam və yenə yaraşdırmıram.
Heç kim «Neftçi»də elə-belə qala, havayı maaş ala bilməz. «Neftçi» ora deyil. «Neftçi»dənsə, mütləq iş görməlisən, əl-qolunu yanına salmamalısan.
Belə adam burada 3-4 aydan artıq qala bilməz. «Neftçi»də işləyirsənsə, daim nəticə verməlisən. Mənim bu klubu neçə sevdiyimi hər kəs bilir.
Yeddi il ərzində bütün bilik və bacarığımla bu kluba xidmət etmişəm, təmiz işləmişəm. Heç kim deyə bilməz ki, Elnur Eyvazov burada nəsə edib.
Bütün varlığımla «Neftçi»yə kömək olmuşam, dövlətin pulunu qorumuşam. Mənimlə çalışanların hər kəsi təsdiqləyə bilərəm ki, kluba ayrılan vəsaitə necə həssaslıqla yanaşmışam.
Hər qəpiyin hesabatını aparmışam. Bunu SOCAR rəhbərliyi də çox yaxşı bilir. Bugünün özündə də nə qədər zəng və mesaj alıram.
Vaxtilə klubda çalışmış və bu gün də klubda çalışan xeyli şəxs mənimlə əlaqə saxlayır, burada qalmağımı istəyir, xahiş edirlər ki, getməyim. Ümidvaram ki, hər şey yaxşı olacaq».
E.Eyvazov indiyədək «Neftçi»də iki rəhbərliklə çalışıb. Orxan Hüseynzadə və Kamran Quliyevin prezidentliyi dönəmində yüksək görəv alıb.
Bu müddətdə həmişə reputasiyasını qorumağa çalışıb, «sarayadaxili çəkişmələr»dən uzaq dayanıb. Adının çirkaba bulaşmasının qarşısı alınıb.
Klubun iqisadi platformasında nizam yaradıb, şəffaflığın təminatı yönündə ciddi addımlar atıb.
Digər idarəçilərdən fərqli olaravq, məşqçilərin, komandanın daxili işlərinə qarışmayıb, transfer bazarına baş vurmayıb.