“Neftçi” “transfer pənəcərəsi”nin bağlanmasına saatlar qalmış iki futbolçunun keçidini rəsmiləşdirdi.
Sentyabrın 5-də rusiyalı Reziuan Mirzovla 1 illik sözləşmə əldə edən “ağ-qaralar” bir gün sonra argentinalı Lukas Melanonun keçidinin rəsmiləşdiyini və 2 illik müqavilə bağlandığını bəyan etdi.
30 yaşlı Mirzov yeni komandasında “22”, onun Argentinadan olan həmyaşıdı isə “16” nömrəli formanı geyinəcək.
İndiki məqamda azarkeşləri maraqlandıran sual bu futbolçuların həftəsonu “Araz-Naxçıvan”la baş tutacaq matçda oynayıb-oynamayacağıdır.
Yeni transferlərin sənədlərində heç bir problem yoxdur. Adları PFL-də qeydiyyatdan keçirilib və çempionat üçün sifariş ərizəsinə salınıb.
Hazırkı durumlarına gəlincə, Reziuan sonuncu rəsmi görüşünə may ayında çıxsa da, yayda “Ximki” ilə toplanış keçib.
“Neftçi”yə gəldiyi gündən isə kollektiv çalışmalarda olub, fiziki hazırlığını müəyyən mənada qaydasına salıb, Adrian Mutunun ondan nə tələb etdiyini anlayıb.
Melano isə rəsmi oyununu avqustun 20-də keçirib. Son 1 ayda əsasən fərdi məşqlərlə kifayətlənib, hazırda “ağ-qaralar”ın məşqlərində iştirak edir.
Təbii, rusiyalı yarımmüdafiəçinin “Araz-Naxçıvan”a qarşı oynaması daha real görünür, nəinki argentinalı forvardın. Hər ikisinin adının “23-lüy”ə salınacağına şübhə yoxdur. Kimin nə qədər şans qazanacağını Mutunun qərarları göstərəcək.
Sentyabrın 16-da “Dalğa Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Neftçi” oyunu saat 18:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

