“Neftçi” rəhbərliyində ad dəyişikliyindən sonra klubda bir sıra məsələlərə diqqət artırılıb.
Əsas məqsədlərdən biri Bakıxanovdakı təlim-məşq bazasının tikintisinin başa çatdırılması və akademiya binasının inşa olunmasıdır.
Oradakı işlərin ən qısa zamanda başa çatdırılması şərtdir.
Digər iki mühüm məsələdən biri fan şopun fəliyyətinin artırılması və genişləndirilməsidir. Düzdür, azarkeşlər üçün mağaza fəaliyyət göstərir.
Lakin bu, istənilən səviyyədə deyil. Söhbət 86 yaşlı klubun fan şopundan gedirsə, məhsulların sayı və çeşidi artırılmalıdır.
Gündəmdə duran daha bir vacib məsələ stadiona sponsorun tapılmasıdır. “Bakcell”lə müqavilənin müddəti başa çatandan sonra 8-ci km stadionunun adı “Neftçi Arena” adlanır.
Təbii ki, əbədi deyil, müvəqqəti xarakter daşıyır.
Hazırda “əli cibində olan” şirkətin axtarışları yönündə ciddi iş gedir. Tərəflər maddi planda və digər mövzularda ortaq dil tapa bilsələr, “Neftçi Arena”nın adı dəyişdiriləcək.
Bu gün üçün sakitlikdir. Hələ ki, sinəsini qabağa verən yoxdur.
HƏBİB / SPORTİNFO.AZ

