«Neftçi» Höccət Haqverdi ilə yolları ayırmağa hazırlaşmır.
Bu barədə «ağ-qaralar»ın düşərgəsindən saytımıza məlumat verilib.
Bildirilib ki, baş məşqçi Adrian Mutu cənubi azərbaycanlı müdafiəçinin komandadan göndərilməsini istəmir və sosial şəbəkələrdə yayılan xəbərlər həqiqətdən uzaqdır.
Həmçinin qeyd olunub ki, heç bir klubdan millimizin üzvünə görə onlara rəsmi təklif gəlməyib.
İnternet resurslarında dolaşan informasiyaya görə, "Melburn Viktori" Haqverdinin xidmətində maraqlıdır.
Avstraliya klubunun 30 yaşlı stopper üçün bakılılara təzminat ödəməyə hazır olduğu bildirilir. Səbəbkarın özünə isə 2 illik müqavilə və 600 min dollar təklif edildiyi söylənilir.
Höccət bu ilin əvvəlində icarə əsasında formasını geyindiyi «Traktor»dan «Neftçi»yə gəlib. «Ağ-qaralar» bu transferə görə onun müqavilə ilə məxsus olduğu «Sumqayıt»a 100 min dollar kompensasiya ödəyib.
«Gənclik şəhəri» təmsilçisindən hər ay 9000 dollar maaş almış Haqverdinin «Neftçi»də illik gəliri 200 min dollardır.
Avstraliyada «transfer pəncərəsi» sentyabrın 12-də bağlanır. Bu keçidin qarşıdakı günlərdə reallaşacağı iddia olunur.
Höccət hazırda «Neftçi»də əsas heyətə düşmür. Adrian Mutunun baş məşqçi postunda Lorentsiu Regekampfı əvəzləməsindən sonra onun «kitab»ı bağlanıb.
Yeni baş məşqçi son 9 oyunda ona cəmi 20 dəqiqə şans verib.
SPORTİNFO.AZ

