Premyer Liqanın 6-ci turunun hər bir oyunu özündə prinsipiallıq daşıyır, gərgin idman mübarizəsi vəd edir.
Mərkəzi qarşılaşma Sumqayıtda baş tutacaq ki, “kimyaçılar” cari mövsümdə ilk dəfə öz azarkeşlərinin gözləri qarşısında oynayacaq.
Rəqib isə baş məşqçi və həyata keçirdiyi futbolçularla ölkəyə səs salan “Neftçi”dir.
Oyuna rəmg qatan başlıca məqam “Sumqayıt”ın “sükanı” arxasında Samir Abasovun dayanmasıdır. O, təkcə qeyri-adi persona deyil, həm də yaxın keçmişdə “Neftçi”nin baş məşqçisi olmuş adamdır.
“Ağ-qaralar” məhz onun rəhbərliyi altında 8 ildən sonra, 2021-ci ildə çempionluğu bayram etmişdi.
Lakin avrokuboklardakı uğursuzluğun ardınca növbəti Premyer Liqa və Azərbaycan kuboku mövsümünün boşa verilməsi Abasovla yolların ayrılmasını şərtləndirmişdi.
Düzdür, “Neftçi”də Samir bəyin xidmətinə maraq duymayan Kamran Quliyev dönəmi başa çatıb. Amma ortada Samir Abasov və “Neftçi” adları varsa, əlavə şərhə gərək yoxdur. Dərin yaranın yeri heç vaxt sağalmır.
Futbolçu kimi dünyaya səs salan Adrian Mutunun məşqçi kimi nəyə qadir olduğunu da Samir Abasovla taktika mübarizəsində görəcəyik.
Bakılılar avrokuboklarda cəmi bir mərhələ adlayandan sonra çempionata da istənilən kimi başlamayıb.
4 oyundan toplanan 5 xal çempionluğu hədəfləyən komandanın planlarına daxil deyildi. “Neftçi” cari mövsümdə yalnız tarixinin ən pis dönəmini yaşayan “Qəbələ”ni məğub etməyi bacarıb.
“Sumqayıt” isə çempionat başlayandan rəqib tanımır. “Səbail”lə “Qəbələ”ni səfərdə udandan sonra “Dalğa Arena”da “Araz-Naxçıvan”la bərabərə qalıb.
“Kimyaçılar” bu oyunun onlar üçün nə demək olduğunu yaxşı bilir. “Neftçi”yə məğlubiyyət “Sumqayıt”ın turnir cədvəlindəki mövqeyinə təsir etməklə yanaşı, düşərgədə psixoloji yüksəlişə zərbə vuracaq.
Ümumiyyətlə, “gənclik şəhəri”nin təmsilçisini bakılılar üçün arzuolunmaz rəqib adlandıra bilərik.
Son illər “Sumqayıt”ın bu komandaya çempionatda, xüsusən də kubokda neçə dəfə badalaq vurduğunu statistika həvəskarları yaxşı bilir.
“Sumqayıt”ın adı gələndə “Neftçi”dəkilərin canına xal itirmək qorxusu düşür.
İstənilən halda bu oyunun öz gərginliyi və gözəlliyi ilə tura damğa vuracağına şübhə yoxdur.
Bu gün keçiriləcək “Sumqayıt” – “Neftçi” qarşılaşması saat 20:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ

