"Neftçi"də qələbələrin ardını gətirmək asan olmayacaq

30 Avqust 2023 19:20 Neftçi 1 201
"Neftçi"də qələbələrin ardını gətirmək asan olmayacaq

Avrokuboklar mövsümü “Neftçi” üçün təxminən iki həftə əvvəl başa çatıb.

Komandanın ilk dəfə Premyer Liqa matçına hazırlaşmağa bu qədər zaman kəsiyi olmuşdu.

Əvvəlki turlar yorğunluqdan şikayət edən Mutunun indi belə bir dərdi yox idi.

İnsafən, bunun qarşılığında bakılılar mövsümdə ilk qələbəsini doğma meydanda qazana bildi.

“Qəbələ”ni qəbul edən “Ağ qaralar” 2:0-lıq üstünlüklə 3 xalı aktivlərinə yazdırdılar.

Şübhəsiz, vacib və önəmli qələbə sayılmalıdır. Əvvəlki turlarda itirilən xallar yuxarı pillələrdə olan rəqiblərlə arada böyük fərqə yol açmışdı.

Növbəti uğursuz nəticə uçurum yarada bilərdi. Paytaxt təmsilçisi buna yol vermədi.

Düzdü, rəqib mövsümə fiasko ilə başlayan “Qəbələ” idi. Belə ki, bölgə klubu arxada qalan 4 turun hamısında məğlub olub. 11 qol buraxan bölgə klubunun aktivində cəmi 1 qol var.

Amma onu da unutmaq olmaz ki, Mutunun yetirmələri matçın 70-ci dəqiqəsindən meydanda azlıqda qaldı.

Və ikinci qol məhz say azlığı olan dəqiqələrə təsadüf etdi. Təkcə qol vurulmadı, elə üstün tərəf də meydan sahibləri göründü. Qısası, kollketiv qələbə yolunda 90 dəqiqə dirəniş, iradə göstərə bildi.

Göstərilən futbol haqqında isə hələ xoş sözlər demək tezdir.

Çünki meydanda, sadəcə vuruşan, qələbə əzmi daha çox olan “Neftçi” vardı.

Boşluqlar kifayət qədər çoxdur.

Ön xəttə ardıcıl 3-4 ötürməyə şahidlik etmək müşkül məsələ idi. Futbolçular arasında hələ də pərakəndəlik olduğu hiss olunur.

Vurulan qollardan birində Atanqana kobud səhvə yol verdisə, ikinci standart vəziyyət sonrası vuruldu.

Nə əks-hücumlarda effektivlik gördük, nə də mövqe hücumlarından ciddi təhlükə yaratmaq mümkün oldu.

“Qəbələ” üzərində qələbə vacib idisə, bundan vacibi həmin qələbələrin ardının gətirilməsidir.

Rumıniyalı qısa müddətdə sadalanan və sadalanmayan çox sayda xırda-böyük problemləri aradan qaldırmasa, qələbələrin ardını gətirmək elə də asan olmayacaq.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar