“Neftçi” bu yay 11-ci transferi rəsmiləşdirib.
Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, yeni transfer hücumçu Lukas Melano ilə müqavilə imzalanıb.
Argentinalı ilə anlaşmanın müddəti 1+1 ildir. 30 yaşlı forvard komandanın heyətində 16 nömrəli formanı geyinəcək.
Sonuncu klubu “Atletiko Sarmiento”dan (2023) transfer olunan Lukas Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib.
2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 milli komandasının heyətində 3 oyun keçirib, 1 qol vurub.
“Neftçi” bundan əvvəl qapıçı Emil Balayev, müdafiəçilər – Yuri Matias, Mark Tamaş, Ervin Koffi, yarımmüdafiəçilər – Filip Ozobiç, Qara Qarayev, Andre Şinyaşiki, Dieqo Valdez, Reziuan Mirzov və hücumçu Aaron Olanare ilə anlaşıb.

