“Məşqçilərin əməkhaqqları azaldılmayıb, sadəcə, vergi məbləği artırılıb”

24 Aprel 14:00 Milli komanda 867
“Məşqçilərin əməkhaqqları azaldılmayıb, sadəcə, vergi məbləği artırılıb”

Məlum olduğu kimi, AFFA-nın yeni rəhbərliyi gözlənilməz qərar verib.

Rövşən Nəcəfi prezident postuna gətirən federasiya milli komandaların məşqçilərinin əməkhaqqısını azaldıb.

Bu qərar sırf aşağı yaş qrupları üzrə yığmalarda (U-15, U-16, U-17, U-18, U-19) çalışanlara aiddir. Onlara bildirilib ki, məvacibləri 20 faiz aşağı salınıb.

Qurum məşqçilərə bu qərarı belə izah edib:

“Vergi qanunvericiliyində edilən dəyişiklik AFFA-nın xərclərini artırıb. Vergi yükündən xilas olmaq üçün məvacibləri azaltmaq məcburiyyətindəyik. Artan vergi maaşdan çıxılacaq”.

Yenilik mayın sonunadək qüvvədə qalacaq. Bu komandaların məşqçilərinin AFFA ilə kontraktı, əslində, ötən il başa çatıb.

Sadəcə, federasiyada keçirilən seçkilərlə əlaqədar sözləşməsinin müddəti iki dəfə irəli çəkilib: biri yanvarda, biri də apreldə.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Elnur Məmmədli Sportinfo.az-a açıqlamasında bu haqda deyib:

“Milli komandaların məşqçilərinin maaşları aşağı salınmayıb. Bildiyiniz kimi, milli komandaların məşqçiləri xidməti müqavilə ilə fəaliyyət göstərirlər.

2024-cü ilin yanvarın 1-dən Vergi Məcəlləsində dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, mikro sahibkarların gəlir vergisinin məbləği 5 faizdən 20 faizə artırılıb.

Bu, təkcə futbol yox, bütün sahələri əhatə edir. Yəni məşqçilərin əməkhaqqları azaldılmayıb, sadəcə, vergi məbləği artırılıb”.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI