
Azərbaycan millisi bu ay Haiti və Belarus milliləri ilə yoxlama görüşündə üz-üzə gələcək.
Belarusla dəfələrlə rəsmi və qeyri-rəsmi görüşlərdə qarşılaşmışıq. Bizə bab rəqibdir.
Bəs Haiti?
Şimali amerikalılarla ilk dəfə üz-üzə gələcəyik.
İlk baxışdan ad cəlbedici olmaya bilər.
Elə ictimaiyyətdə də "niyə normal bir Avropa ölkəsi yox, Haiti" sualı çox dolaşır.
Həqiqətənmi AFFA-nın ölkəmizə dəvət etdiyi milli bu qədər zəifdir?
Məncə, bu fikirdə olanlar yanılır. Rəqibin heyətinə baxmaq kifayətdir ki, gücünə bələd olasan.
Sebastien Minye dəvət etdiyi 24 futbolçudan 23-ü legioner həyatı yaşayır.
Azərbaycan millisində bu say cəmi 6-ya bərabərdir.
Haitili futbolçular çıxış etdiyi ölkələrin adı da diqqətçəkəndir.
Söhbət Fransa, İtaliya, Belçika, Niderland kimi futbol ölkələrindən gedir.
Bundan başqa Albaniya, Avstriya və ABŞ-da çıxış edənlərin olduğunu da əlavə edə bilərik.
"Haiti" millisində Lionel Messi, Luis Suares, Busqets, Jorda Alba kimi dünya ulduzların komanda yoldaşı da çıxış edir. Söhbət "İnter Mayami"nin şərəfini qoruyan 34 yaşlı təcrübəli forvard Fafa Pikodan gedir.
Biz isə illərdi qalmışıq bir Mahir Emrelinin ümidinə. "Beşlik" ölkələrində çıxış edən ondan başqa ikinci bir futbolçumuz yoxdur.
Belədə hansı məntiqlə Haitini zəif saymaq olar?
Əksinə, Haitinin daha zəif Azərbaycan yığmasından yoxlama matçı keçirməklə bağlı aldığı təklifə "yox" demədiyi üçün sevinmək lazımdır.
XANOĞLAN İMANOV