Estoniya mətbuatı AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Estoniya görüşünü dəyərləndirib.
Sportinfo.az xəbər verir ki, “ERR” paytaxtımızda 1:1 hesabı ilə başa çatan matç haqda bunları yazıb:
"Estoniya Bakıdakı matça yaxşı start götürdü və qol epizodları yaratdı. Konstantin Vasilyevin künc zərbəsindən sonra Rauno Sappinen hesabı açdı.
Bir müddət sonra sol cinah müdafiəçisi Marko Lukanın ikinci qolu vurmaq şansı olsa da, zərbəsi dəqiq alınmadı.
İkinci hissədə Azərbaycan taktiki sxemi tamamilə dəyişərək, üç müdafiəçi ilə oynamağa başladı.
Meydan sahibləri Estoniya yığmasını öz qapısına sıxışdıraraq, üstünlüyə yiyələnməyə başladılar.
62-ci dəqiqədə Azərbaycan millisi mükafatlandırıldı. Künc zərbəsi zamanı tək qalan Anton Krivotsyuk “Arsenal”ın qapıçısı Karl Heyni keçərək, hesabı bərabərləşdirdi.
Estoniyanın daha real şanslar yaratmaqda çətinlik çəkdiyi bir vaxtda Azərbaycan qalib gəlməyə daha çox yaxın görünürdü.
Ancaq sonda hər iki komanda cəmi 1 xalla kifayətlənməli oldu".

