AFFA Fernandu Santuşa bir neçə milyon avro təzminat ödəməyə hazırdır.
Artıq tərəflər arasında bu istiqamətdə danışıqlar başlayıb.
İki saat öncə xəbər verdiyimiz kimi, AFFA rəhbərliyi hamını şok edəcək qərar verməyə hazırlaşır.
Bununla bağlı redaksiyamıza yetərincə ciddi mənbələrdən yeni məlumat daxil olub.
Saytımıza verilən informasiyaya görə, federasiya prezidenti Rövşən Nəcəf Fernandu Santuşu millinin baş məşqçi postundan uzaqlaşdırılmasıyla bağlı öz qərarını verib.
Onun ən birinci namizədi avqustda “Trabzonspor”dan ayrılmış və hazırda işsiz olan Abdullah Avcıdır.
Dekabrın 14-də İcraiyyə Komitəsinin (İK) növbəti iclasının keçirilməsi nəzərdə tutulub və bu məsələyə orada nöqtə qoyulması gözlənilir.
Bildirildiyinə görə, AFFA başqanı fikrində qətidir və komitə üzvlərinin də onun mövqeyini dəstəkləyəcəyinə əmindir.
Rövşən Nəcəf yığmanın Millətlər Liqasının C Liqasında biabırçı nəticəyə imza atmasına hiddətlənib. I qrupunda keçirdiyi 6 oyunun 5-də məğlubiyyətin və yalnız
1 heç-heçənin qeydə alınması, nəticədə komandanın D Liqasına yuvarlanması qurumun birinci şəxsinə çox pis təsir edib.
Nəcəf ictimai rəyin əleyhinə çevrilməsindən pərişan olub, çünki əsas tənqid ucları ona yönəlib. Üstəlik, üst dairələrdən narazılıq dolu mesajlar alıb.
Santuş bu ilin yayında millinin başına gətirilib. AFFA portuqaliyalı mütəxəssislə 4 illik müqavilə bağlayıb.
Son informasiyaya görə, 70 yaşlı sükançı Rövşən Nəcəfin ayrılıq fikrindən şoka düşüb. Bu, onun üçün kifayət qədər gözlənilməz olub.
O, federasiya başqanı ilə təkbətək görüşməyə təşəbbüs göstərsə və uğurzsuzluqda yalnız özünün günahkar olmadığını demək istəsə də, cəhdləri hələlik nəticə verməyib. Nəcəf Santuşla üzbəüz əyləşməyə maraq göstərməyib.
Deyəsən, ani qərar vermək AFFA prezidentinin əsas xüsusiyyətlərindən biridir. O, «Neftçi»nin prezidenti olduğu müddətdə də belə edib.
Belə ki, 2023-cü ilin iyulunda Adrian Mutunu «ağ-qaralar»ın sükanı arxasına gətirib və 2 illik müqavilə bağlayıb. Lakin paytaxt təmsilçisinin yeni mövsümə pis başlaması Rövşən Nəcəfi tez hərəkətə gətirib.
«Ziyanın yarısından qayıtmaq da faydalıdır» prinsipinə bel bağlayan başqaq rumıniyalı mütəxəssisi dekabr ayında vəzifədən alıb.
P.S. Prosesi yaxından izləməkdəyik. Yeni məlumatları oxucularımızın diqqətinə çatdırmağa davam edəcəyik.
SPORTİNFO.AZ