Bu, illərdir tətbiq olunan metoddur - uğursuzluq olanda gündəmi dəyişmək lazım gəlir.
Ortaya bir mövzu atılır, başlayırlar onu müzakirə etməyə, əsas problemlər də keçir arxa plana.
Təəssüf, çox təəssüf. Nə qədər təkrarlansa da, hər dəfə də "yeyilir". AFFA da bu yayındırıcı alətdən əla istifafə elədi.
İlqar Qurbanovun əvvəllər yığmaya futbolçuların sifarişlə çağırılmasını deməsi millinin məğlubiyyətlərini də, AFFA-nın yarım illik fəaliyyətsizliyini də ən azı bir müddətlik unutdurdu.
İlqar Qurbanov millinin direktoru vəzifəsinə yeni təyinat alsa da, 4 ildir ki, AFFA-da çalışır. Onu işə götürən, milli komandaların skautu edən AFFA-nın keçmiş baş katibi Elxan Məmmədov olub. Bu gün həqiqətləri deyən, ədalət carçısı kimi təqdim olunan Qurbanov özü də neçə illərdi bu sistemin içindədir. Sual yaranır ki, İlqar Qurbanov indiyə qədər niyə bu məsələni ictimailəşdirməyib, nə üçün bu çirkabın içində işinə davam edib...
Əslində, futbolçuların milli komandaya sifarişlə çağırılmasını illərdi görürük, bu barədə deyilib də, yazılıb da. Axtyamovdan tutmuş, Höccət Haqverdiyə qədər hər kəs müzakirəyə çıxarılıb. Yəni, İlqar Qurbanovun indi dediklərini biz 15 ildir ki, deyirik. Bu adam yeni nəsə deməyib.
Sadəcə bunu AFFA rəsmisinin dilindən eşitmək rezonans doğurub. Amma bu, İlqar Qurbanovun "ölüb getmiş" adamın dalınca danışması kimi bir şeydir. İndi Elxan Məmmədovun dövründə baş vermiş hadisələr barədə danışmağa nə var ki...
Deyək ki, AFFA İlqar Qurbanovun sayəsində belə yersiz söhbətlərlə bir ay baş qatdı. Bəs sonra? Gedişat yaxşı heç nə vəd etmir. Bir də ayılacaqsız ki, 4 iliniz başa çatdı, ortada heç nə yoxdur! (sportal.az)
Həmid