Azərbaycan millisi bu axşam Tallində Estoniyanın qonağı olacaq.
Millətlər Liqasının C1 qrupunun III turu çərçivəsində baş tutacaq görüşdə hər iki komandanın məqsədi qələbəyə sevinməkdir. Çünki hər ikisi öncəki görüşləri məğlub başa vurublar.
Estonların üstünlüyü doğma meydan amili sayıla bilər ki, statistikaya nəzər yetirəndə, bu amilin yalnız dildə işə yaradığını görmək mümkündür.
37 yaşlı Yürgen Hennin çalışdırdığı kollektiv 2023-cü ildən bu yana “Le Koq Arena”da keçirdiyi 7 oyunun yalnız 1-də qələbə qazanmağı bacarıb. 5 matçda məğlub olub, yalnız 1-də bərabərə qalıb.
20.06.2023 Estoniya – Belçika 0:3
09.09.2023 Estoniya – İsveç 0:5
13.10.2023 Estoniya – Azərbaycan 0:2
17.10.2023 Estoniya – Tayland 1:1
16.11.2023 Estoniya – Avstriya 0:2
08.06.2024 Estoniya – Farer adaları 4:1
05.09.2024 Estoniya – Slovakiya 0:1
Gördüyünüz kimi, Estoniya seçməsi Tallində baş tutan 7 oyunda cəmi 1 qələbəyə sevinib, o da “Baltik kuboku” çərçivəsində. Və ən maraqlısı, bu sayda matçın 5-də rəqib qapılarına yol tapa bilməyib.
Odur ki, səfər anlayışını yaxına buraxmaq lazım deyil. Estoniya öz “evində” belə, yad meydanındakı kimi görünür.
HƏBİB / SPORTİNFO.AZ

