"Azərbaycanın çimərlik futbolu millisinin baş məşqçisi Sahib Məmmədov komandanın İspaniyanın Kadis şəhərində təşkil olunan dünya çempionatının seçmə mərhələsindəki çıxışı dəyərləndirib".
Sportinfo.az xəbər verir ki, mütəxəssis “report”a açıqlamasında 1/8 finalda böyük hesabla uduzduqları Portuqaliyanın çox güclü olduğunu deyib.
“Portuqaliya həm dünya, həm də son Avropa çempionudur. Hazırda Avropanın ən güclü komandasıdır.
5:13 hesabı ilə uduzmağımıza baxmayaraq, ən yaxşı oyunlarımızdan birini keçirdik. Son iki matçda güclü rəqiblərlə qarşılaşdıq.
Portuqaliya ilə aradakı səviyyə fərqi özünü göstərdi. Baxmayaraq ki, yaxşı başlamışdıq, 2:0 irəlidə idik.
Rəqibin oyun praktikasının daha çox olması sözünü dedi. Boşluqlar verdik və məğlub olduq.
Lakin keçirdiyimiz 4 qarşılaşmadan ən yaxşısı məhz bu idi. Nəticələri normal dəyərləndirirəm, qrupdan çıxdıq. 1/8 finalda Portuqaliya ilə düşməyimiz yaxşı olmadı”.
Azərbaycan millisi dünya çempionatında yer aldığı A qrupunda İngiltərə (4:0) və Gürcüstandan (7:2) üstün olub, İspaniyaya (0:7) uduzub. Komanda 1/8 finalda Portuqaliya yığmasına 5:13 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

