Utanmasan, oynamağa nə var ki...
U-19 millimizin baş məşqçisi Elxan Abdullayevin son açıqlaması yuxarıdakı el məsəlini xatırlatdı mənə.
Deməli, Avropa çempionatının elit-raund mərhələsinə hazırlaşan 19 yaşlılardan ibarət seçmə komandamız İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olub.
Və toplanış çərçivəsində 3 yoxlama matçı keçirilib.
Niderland (0:3), Şotlandiya (0:2) və Uels (0:3) milliləri ilə baş tutan sınaq matçının hamısında məğlubiyyət yaşanıb.
Və 270 dəqiqə ərzində rəqib qapısından 1 qol belə keçirmək mümkün olmayıb.
Abdullayev isə "Toplanış xoşuma gəldi. Güclü rəqiblər idi. Niderland millisi top-komanda sayılır.
Uşaqlar gəncdirlər, futbol oynamağı öyrənirlər" - deyib.
Hörmətli məşqçi, xoşunuza gələn nədir? Hər oyunda məğlub olmaq? Rəqib qapısına yaxın düşə bilməmək?
Hə, sınaq matçlarında nəticə önəmli deyil. Axı bu deyim rəqiblər üçün də keçərlidir. Olmaz ki, nəticəsi heç kimə lazım olmayan matçların birində də biz qalib gələk? Adını qoyursunuz yoxlama matçında nəticə önəmli deyil. Cəsarətiniz çatmır etiraf edəsiniz ki, bu şərtlər altında yığmanın qələbə qazana bilməməsi bir kənara, qol vurmaması acınacaqlı haldır!
Rəqiblərin adına gələk...
Burada da Elxan müəllim çox yuxarı ilə gedib. Rəqiblərin gücünü qabardıb.
Tutaq ki, Niderland Avropada top-millidir. Bəs Şotlandiya, Uelsə nə söz? Onlar ki, top-milli sayılmır. Bəs həmin yığmalara niyə asanlıqla məğlub oluruq?
Elxan Abdullayevin "uşaqlar gəncdir, futbol oynamağı öyrənirlər" - deməsinə nə ad verək?
İllərin mütəxəssisi 19 yaşlı uşağa futbolu indi öyrədirsə, vay futbolumuzun halına. Bu yaşda uşaqlar (milli üzvündən söhbət gedir) heç olmasa "Qarabağ"ın, "Neftçi"nin aparıcı üzvü olmalıdır.
Onlar isə heç "Şamaxı"ya, "Kəpəz"ə də lazım deyil. Siz isə "futbol öyrənirlər" - deyirsiniz. Onların öyrənən vaxtı keçib artıq. İndi öyrəndiklərini tətbiq etməsi lazımdır.
Bacarmırlar?
O zaman yalan danışmaqla sadə insanlara ümid verməyin.
Açıq deyin ki, bu qədər pul xərcləyib İspaniyaya getmək mənasızdır.
Həmin pulları yönəldək uşaq futboluna. Təməl qruplarına. Futbolu öyrənmək yaşında olan uşaqlara. Bəlkə, yeni gələn nəsil nəsə öyrəndi.
Əməlinizlə futbolumuza bir qəpiklik faydanız dəyməyib, barı sözünüzün bir kəsəri olsun.
XANOĞLAN İMANOV