COP29

Millidə QARŞIDURMA - İki qoçun başı bir qazanda qaynamır!

6 Sentyabr 10:40 Milli komanda 4 288
Millidə QARŞIDURMA - İki qoçun başı bir qazanda qaynamır!

Fernandu Santuş Millətlər Liqasının C Divizionuna məğlubiyyətlə başladı.

Yığmamızda ilk oyununa çıxan portuqaliyalı 1:3 hesablı yenilginin təsirindən tez çıxacaq.

Axı o, karyerası ərzində belə uğursuz oyunları çox yaşayıb. Yüz idi, oldu 101.

Amma təbii ki. oyundan oyuna var. Bu, uduzulmalı oyunlardan deyildi, açığı, komandamız heç də pis təsir bağışlamadı.

İsveç qapımıza 3 qol vurdu, biz də vura bilərdik. Təhlükəli epizodlar sarıdan korluq çəkmədik.

Həmsinin sürət baxımından skandinavlardan geri qalmadıq. Göründü ki, Santuş hazırlıq mərhələsində əsas üstünlüyü taktiki çalışmalara verib.

Rəqibin təhlilini də pis aparmayıb. Orta və cinah keçidləri bəlli etdi ki, portuqaliyalı baş məşqçi İsveçin zəif nöqtələrini düzgün müəyyənləşdirib.

Onun analiz üzərindən apardığı kəşfiyyatın tabloda əksini tapmasına futbolçularımızın qeyri –dəqiqliyi mane oldu.

Düzü, Santuşun ultra-müdafiə taktika seçəcəyini gözləyirdik. Yanıldıq. Ən çox birinci hissənin üzərində dayanardım. Son yarım saata kimi oyunun axarı belə ağır yenilgidən xəbər vermirdi.

«Niyə uduzduq» sualı ətrafında polemika açsaq, gərək çox məqamlar ətrafında «get-gəl» edək. Mən bir olayın üzərində xüsusi dayanardım.

Ramil Şeydayevin 45+2-ci dəqiqədə qaçırdığı epizod oyunun suyunun istiqamətini 90 faiz dəyişdi. Renat Dadaşova qarşı kobudluğa görə təyin olunan penaltini Emin Mahmudov yerinə yetirməli idi, top da kapitanın əlində idi.

Şeydayev «Neftçi»də də komanda yoldaşı olan Mahmudova yaxınlaşdı, topu əlindən aldı və vuruşunda toru silkələyə bilmədi. Bu ikili arasında bir neçə saniyə davam edən söhbətin qulaq şahidi olmadıq.

Eminin üz cizgilərindən və əl hərəkətindən anlaşıldı ki, Şeydayevin topu ondan istəməsi ürəyinə yağ kimi yayılmayıb, çar-naçar qalıb.

Həmin səhnəni izləyərkən, bir anlıq fərqinə vardım ki, əslində «Neftçi»nin Premyer Liqada yeni mövsümə uğursuz start verməsinin, ilk 5 turda qələbə qazanmağı bacarmaması nə ilə əlaqədar imiş.

Klubda kapitan sarğısını Emindən alan Ramilin onunla danışıq tərzi bir neçə əsas suala cavab tapmağıma kömək etdi.

Başa düşdüm ki, Şeydayevin gəlişindən sonra Mahmudovun «Neftçi»dəki mövqeyinin yetərincə laxlaması təsadüfi deyilmiş.

Özünü «Neftçi»nin lideri sayan iki futbolçunun bir-birinə münasibəti «iki qoçun başı bir qazanda qaynamaz» deyimi bu gün də aktuallığı əks etdirir.

«Neftçi»də olduğu kimi, millidə də qol fürsətlərini boşa verən Şeydayev hazırda mənim üçün qaş düzəldən yerdə vurub göz çıxaran biridir.

Vallah, bəndəniz bu cür hücumçuya 550 min dollar verməz. Milliyə də çağırmaram.

I Liqada çıxış edən klubun prezidenti olsam, ona aylıq 550 manat maaş kəsərəm, deyərəm, gəl, qaç özün üçün, onsuz da, qol vura bilmirsən.

Fernandu Santuş Roman Qriqorçukun xətasını təkrarlamamalıdır. Təcili seçim etməlidir - ya Emin, ya da Ramil.

Bunlar bir yerdə oynamalı olsalar, millidən milli olmayacaq, ikinci «Neftçi» olacaq.

MUSA

Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik