Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinada keçirilən Avropa çempionatında uğurlu çıxışını davam etdirir.
Komandamız qrup mərhələsində bütün rəqiblərinə qalib gələrək lider kimi 1/8 final mərhələsinə yüksəlib..
Yığmamızın üzvü Vüsal İsayev də Sportinfo.az-a açıqlamasında ilk olaraq bu barədə danışıb:
"Qrup mərhələsi ağır keçdi. Güclü rəqiblərlə üz-üzə gəldik.
Allaha şükürlər olsun ki, bütün görüşlərdə qalib gəldik. Bütün oyunlarda böyük güc sərf etdik. Qarşılığı olaraq növbəti mərhələyə lider kimi yüksəldik".
Qarşıda Bolqarıstan yığması ilə matç var. İsayev vacib görüş öncəsi şanslarımızdan söz açıb düşərgədə olan son vəziyyəti dilə gətirib:
"Hazırda komanda daxilində əla atmosfer var. İki ay əvvəldən Avropa çempionatına hazırlaşırdıq.
Yaxşı təlim-məşq toplanışı keçmişdik. Bolqarıstan yığması həm fiziki, həm də taktiki cəhətdən güclü rəqibdir.
Baş məşqçimiz rəqibi analiz edib öz tapşırıqlarını bizə verəcək. Ağır oyun olacaq. İnşallah, sonda turu keçən tərəf biz olarıq".
O, sonda 3 qolla komandamızın bomardiri olmasını da şərh edib:
"Düzdür, qrup mərhələsində komandamızın bombardiri mən oldum. Buna sevinirəm. Qismət oldu 3 qol vurdum. Bunda komanda yoldaşlarımın əməyi var. İnşallah, davamı növbəti görüşlərdə də gələr".
1/8 final mərhəsinin bu gün baş tutacaq Azərbaycan - Bolqarıstan görüşü 19:30-da start götürəcək.
XANOĞLAN

