Azərbaycan millisini iyunun 7-də Albaniya, 11-də isə Qazaxıstan yığmasına qarşı keçiriləcək beynəlxalq yoldaşlıq görüşlərinə çıxaracaq məşqçilərin kimliyi rəsmən açıqlanıb.
Macarıstanın Sombatxey şəhərində baş tutacaq oyunlarda komandamıza Arif Əsədov rəhbərlik edəcək.
Məşqçilər korpusunda İlham Yadullayev, Füzuli Məmmədov və Kamran Ağayev də yer alacaq.
Albaniya ilə matç Bakı vaxtı ilə saat 21:00-da, Qazaxıstanla qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki oyun “Haladas SportKomplexum”da olacaq.
AFFA-nın yeni prezidenti Rövşən Nəcəf futbolçuları bu səfərdə tək buraxmayacaq.
Aprelin 2-də federasiyanın başına keçən SOCAR-ın bir nömrəli şəxsin Macarıstana yollanacağı, komanda üzvləri ilə toplantı keçirəcəyi, həmçinin hər iki matçı tribunadan izləyəcəyi bildirilir.
Amma bu o demək deyil ki, Nəcəf yoxlama görüşlərinə əsasən, hazırkı məşqçi korpusu ilə yola davam edəcək. Bu ehtimal sıfıra bərabərdir.
Əsədovun özü də, yardımçıları da yığmada müvəqqətidir. AFFA-nın sayca dördüncü prezidenti millinin sükanı arxasında əcnəbi görmək istəyir. Namizədi də məlumdur - slovakiyalı Vladimir Vayss.
SPORTİNFO.AZ

