“Mən yerli baş məşqçinin tərəfdarı olduğumu bu iclasda bildirdim”.

17 Dekabr 2023 03:50 Milli komanda 524
“Mən yerli baş məşqçinin tərəfdarı olduğumu bu iclasda bildirdim”.

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov İşçi Qrupunun bu gün keçirilən ilk iclasında müzakirə olunan məsələlərdən danışıb.

Sportinfo.az xəbər verir ki, milli assosiasiya rəsmisi “report”a açıqlamasında onlayn toplantıda qrupun necə fəaliyyət göstərməsi və Azərbaycan millisinin baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi istiqamətində söhbətlər aparıldığını bildirib.

Vitse-prezident əlavə edib ki, ilk toplantıda İşçi Qrupunun iş prinsipi müəyyən edilib:

“Ümumi müzakirələr aparıldı, məqsədlər və vəzifələr müəyyənləşdirildi. Qərar qəbul olundu ki, tez-tez yığışaq.

Həmçinin baş məşqçi məsələsi ilə bağlı fikir mübadiləsi oldu. İşçi Qrupunun vəzifəsi dolğun informasiyalar əldə etmək və AFFA İcraiyyə Komitəsinin iclasına çıxarmaqdır. Bu yöndə nələr etmək lazım olduğu barədə danışdıq”.

Vaqif Sadıqov “üzvlər millinin baş məşqçi postunda yerli, yoxsa əcnəbi mütəxəssisi görmək istəyirlər” sualını qısaca belə cavablandırıb:

“Şəxsən mən yerli baş məşqçinin tərəfdarı olduğumu bu iclasda bir daha bildirdim”.

O, növbəti onlayn iclasın dekabrın 26-da olacağını vurğulayıb:

“Qərara alındı ki, bundan sonrakı iclaslara mütəxəssisləri də dəvət edək. Qonaq qismində onlar da fikirlərini bildirəcəklər. Çünki mütəxəssislərin fikirləri də önəmli olacaq”.

AFFA İcraiyyə Komitəsinin noyabrda keçirdiyi fövqəladə iclasında Azərbaycan yığmasının baş məşqçi postuna namizədlərin müəyyənləşdirilməsi üçün İşçi Qrupunun yaradılması qərara alınıb. İşçi Qrupunun sədri AFFA-nın vitse-prezident Elşad Nəsirov təyin olunub.

Digər Xəbərlər
Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"