COP29

Azərbaycanlı məşqçilərin xoş niyyətinə AFFA-da oturub gülənlər kimlərdi?

7 Dekabr 2023 15:00 Milli komanda 832
Azərbaycanlı məşqçilərin xoş niyyətinə AFFA-da oturub gülənlər kimlərdi?

Canni De Byazinin Azərbaycan millisindən göndərilməsindən təxminən 2 həftə keçir.

Futbol ictimaiyyətinin boşalan posta birmənalı namizədi yerli mütəxəssisdir.

Və bu müddətdə bir çox azərbaycanlı məşqçiyə "Millini çalışdırmağa hazırsanmı" - deyə sual ünvanlanıb.

Qurban Qurbanov qəti şəkildə bu mövzuda danışmağın əleyhinədir. Ümumiyyətlə, sual verilməməsini xahiş edib.

Layiq olmadığı şəkildə yola salındığı millidən bir də niyə danışsın axı? Adam çox haqlı mövqe tutub.

Aşağı-yuxarı digər yerli məşqçilərimiz isə hamılıqla "Mən işləməyə hazıram" cavabını verib.

Gözlədiyimiz cavabdır. Bir azərbaycanlı üçün ölkənin əsas millisini çalışdırmaqdan böyük fəxarət ola bilməz.

Əminəm ki, əksəriyyəti üçün pulun da önəmi yoxdur.

Bayrağa, formaya görə çox kiçik məbləğə, lazım gəlsə pulsuz belə ölkənin bir nömrəli komandasında işləməyə hazırdılar.

Buna görə bütün yerli məşqçilərimizə çox sağ ol düşür.

Bu, bizim üçün görünən xoş mənzərədir.

Bəs oxşar durum əcnəbi məşqçi eşqi ilə yaşayan AFFA rəsmilərinə necə görünür?

Təbii ki, gülünc. Bu barədə səhih məlumatlar almışam. Əmin olun ki, indi onlar yerli baş məşqçilərin millini çalışdırmaq barədə müsbət rəylərinə qəh-qəhə çəkib gülürlər ki, bunlar da özünə hörmət eləmir ee...

Qapını kəsiblər ki, çağıran olsa milliyə qaçardıq. Məsələni hərə öz arşını ilə ölçür axı

Qısası, sanki yerli mütəxəssislər bütün iş-gücünü atıb, AFFA-nın qapısında "Millini sən çalışdır" cavabını gözləyirlər.

Bəlkə, dəvət edən olar deyə.

Axı bu adamlar hər zaman bizimkilərə yuxarıdan aşağı baxıblar. Bu qədər uğursuz əcnəbi məşqçi təyinatından sonra da düşüncələri dəyişməyib - bizə nifrət, gəlməyə hörmət prinsipləri davam edir.

Deməli, millilik, bayraq, forma dəyəri həmin adamlar üçün əhəmiyyətsizdir.

Görünən odur ki, bəzi federasiya mənsubları növbəti dəfə əcnəbi məşqçi variantın beyinlərindən çıxara bilmirlər.

Müəyyən adlarla danışıqlar da olub.

Bu gün çox sayda yerli mütəxəssis həm məşqçi bacarığı, həm də özünə bir şəxsiyyət kimi hörmət etməsi ilə ad çıxara bilib.

Ona görə də məşqçilərimizi mikrafon önünə çıxarıb, məlum suallarla pis dillema qarşısında qoymayaq.

Belə adamların önündə məsxərə obyekti olmalarına imkan verməyək.

Heç onlar da bundan sonra mövzu ətrafında çox danışmasa yaxşıdır. Nüfuzu xərcləməyə dəyməz.

Zatən sağlam qüvvələrin sözü keçsə, həmin yerlilərdən biri mütləq iş başına gələcək. Nə qədər çətin görünsə də...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti