“Son zamanlar “Qarabağ” əlinə düşən ilk epizodu qola çevirir”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun finalında “Qarabağ”a uduzduqları oyundan (1:2) sonra deyib.
Onun sözlərinə görə, bu gün də Ağdam təmsilçisi fürsətlərdən maksimum istifadə edib:
“İlk təhlükəli epizodları qolla nəticələndi. İkinci yarıda hücumameyilli oynadıq, rəqibə təzyiq edirdik. İkinci hissədə açıq futbol getdi. Azarkeşlər xüsusən ikinci hissədən zövq aldılar”.
Oyunu şərh edən mütəxəssis matçın onlar üçün faydalı olacağını bildirib:
“Doğru yanaşsaq, bu oyun bizə çox kömək olacaq. 40 gündən sonra bu səviyyəyə yaxın komanda ilə oynayacağıq.
Orada da bu istək, eyni ustalıq, iradəyə ehtiyacımız olacaq. Futbolçularım da bu oyunu yaxşı analiz etməlidirlər.
Titul olanda “Qarabağ” kimi rəqiblər maksimumu edir. Oyunçularım layiqli mübarizə apardılar. Oyunu əlavə dəqiqələrə apara bilərdik. Futbolçularımla fəxr edirəm”.

