COP29

Güneş və Terim Azərbaycan millisinə gətiriləcəkmi? - "Boş yerə pullar xərclənəcək"

30 Noyabr 2023 17:20 Milli komanda 513
Güneş və Terim Azərbaycan millisinə gətiriləcəkmi? - "Boş yerə pullar xərclənəcək"

Xəbər verdiyimiz kimi, Azərbaycan millisinə 2020-ci ildən rəhbərlik edən Canni De Byazi ilə yollar ayrılıb. Bu barədə AFFA İcraiyyə Komitəsinin iclasında qərar verilib.

Hazırda mətbuatda bir sıra tanınmış xarici mütəxəssislərin adları Azərbaycan milli komandası ilə birgə hallanır.

Maraqlıdır, Azərbaycan milli komandasının başının üzərindəki “qara bulud”ları xarici mütəxəssis yox edə biləcək, yoxsa yerli mütəxəssisə ehtiyac var?

Ümumiyyətlə, baş məşqçi dəyişikliyi milli komandadakı problemləri həll edə bilərmi?

Sportinfo.az xəbər verir ki, telejurnalist, idman eksperti Ceyhun Rzayev mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, milli komandanın məşqçisi azərbaycanlı olmalıdır:

“Bizim yığma komanda yaxın 10 il ərzində qrupda ilk iki pillədən birini tutub, Dünya və ya Avropa çempionatının final mərhələsinə vəsiqə qazana bilməz.

Futbolçularımızın potensialı çox yaxşıdırsa, qrupda üç və ya dördüncü pillədə qərarlaşırıqsa, xarici məşqçini gətirib, təcrübəsinin hesabına nəticəni daha da yaxşılaşdıra bilərik.

Ancaq futbolçularımızın potensialı bəllidir. Millətlər Liqasında bəlkə nəsə etdik.

Bu baxımdan xarici məşqçinin dəvət edilməsini lüzumsuz hesab edirəm. Bundan əlavə, bizim yerli baş məşqçilərin nə klub, nə də milli komanda səviyyəsində xaricdə çalışanı yoxdur.

Buna görə də baş məşqçilərimizin kariyerasının zirvə nöqtəsi öz ölkəsinin milli komandasını çalışdırmaqdır. Xarici məşqçinin bizə heç nə verməyəcəyini bildiyimiz halda kimisə dəvət edərək yerli məşqçilərimizi çox böyük təcrübədən məhrum etmiş olarıq”.

Ekspert əlavə edib ki, yaxşı məşqçi dəvət edə bilsək, milli komandanın oyununda müsbət mənada dəyişiklik görə bilərik:

“Xüsusilə, sistem və oyun planında bu fərqi müşahidə edə bilərik. Mətbuatda Şenol Güneş, Fatih Terim kimi məşqçilərin adları hallanır.

Vallah, vaxt itkisidir.

Sözügedən məşqçilər bizə yeni heç nə verməyəcəklər. Sadəcə, boş yerə pullar xərclənəcək.

Bunun əvəzinə bizim istedadlı məşqçilərimizdən birini təyin edib, 4-5 il vaxt vermək olar.

Fatih Terim və ya Şenol Güneş iki milyondan aşağı Azərbaycana gələsi deyillər. Bu vəsaiti uşaq futboluna ayırmaq, məşqçiləri isə xarici təcrübəyə yönəltmək olar.

Qısası, bu pulları daxili resurslara xərcləmək daha ağıllı variantdır”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"