Rəşad Sadıqov: "Özümü millidə işləməyə hazır hiss edirəm"

28 Noyabr 2023 12:40 Milli komanda 562
Rəşad Sadıqov: "Özümü millidə işləməyə hazır hiss edirəm"

"Çox yaxşı olardı ki, bundan sonra tez-tez bu cür tədbirlərdə iştirak edək"

Sportinfo.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova həsr olunmuş "Stadionlar səssiz olanda” filminin təqdimat mərasimindən əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, ekran işinin ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkürünü bildirib:

"İlk növbədə buna layiq olmaq lazımdır. Qurban Qurbanov başlanğıc etdi. Biz də çalışacağıq ki, bunun davamını gətirək”.

Adının milli komanda ilə yanaşı çəkilməsinə də toxunan mütəxəssis bunun üzərində təzyiq yaratmadığını söyləyib:

"Yığma mənim doğma komandamdır. Başqa ölkənin millisindən təklif gəlsəydi, bu, mənim üçün daha stresli vəziyyət olardı.

Belə olan halda üzərimdə təzyiq hiss edə bilərdim. Amma doğma komandamla adımın yanaşı çəkilməsi məndə stresin yaranmasına səbəb olmur.

Hazırda öz işimi görməyə davam edirəm. "Zirə”də fəaliyyətimi davam etdirirəm.

İstər məşqçilər, istərsə də futbolçular tez-tez belə hallarla rastlaşırlar. Bu cür durumlara öyrəşməyə çalışırıq”.

Onun sözlərinə görə, məşqçilik fəaliyyətinə başlamadan öncə də özünü bu vəzifəni icra etməyə hazır hiss edib:

"Mənə "Qarabağ” və ya "Neftçi”də işləməyə hazırsanmı?” sualını versəydilər, deyərdim ki, bunun üçün müəyyən zaman lazımdır. A

mma millinin yeri mənim üçün tamamilə başqadır. Demək olar ki, ömrümü orada keçirmişəm.

Əslində, rəsmi təklif olmadığı müddətcə bu mövzuda çox danışmaq və fikir bildirmək istəmirəm”.

R.Sadıqov "Qarabağ”ın Avropa Liqasının V turunda Norveçdə "Molde” ilə keçirəcəyi oyundan da söz açıb:

"Komanda çox vacib oyuna çıxacaq. Arxayınlıq var ki, ən azı 3-cü yeri və Konfrans Liqasının pley-ofuna vəsiqəni təmin etmişik.

Bəlkə də bu oyun həlledici olacaq. Təmsilçimizi gərgin oyun gözləyir.

Düşünürəm ki, "Qarabağ” üçün son illərdə ən vacib görüşlərdən biri olacaq. İnanıram ki, bunun öhdəsindən gələcəklər”.

Digər Xəbərlər
Xəbər Lenti