
“Millidə işləməyi mənə təklif etməzlər. Açığı, buna inanmıram“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.
Canni De Byazi ötən həftə Azərbaycandan getdi. AFFA 2020-ci ildən millimizi çalışdıran italiyalı ilə yeni müqavilə imzalamadı.
Maraqlıdır, vakant postu Ağasəlim bəyə təklif etsələr, münasibəti necə olar? İllər öncə sükanı arxasında olduğu yığmanı yenidən çalışdıra, uğurlu nəticələr qazana bilər?
Onu dinləyək:
“Mən həmişə əsgər olmuşam. Ac vaxtlarda, pis dönəmlərdə işləmişəm. Azərbaycan futbolunun inkişafı üçün çalışmışam. Niyə inanmıram? Yəqin ki, bildiyim nələrsə var”.
“Şöhrət” ordenli 76 yaşlı mütəxəssis 1994-1995-ci illər aralığında Azərbaycan yığmasını çalışdırıb.
O, məşqçi kimi 5 dəfə ölkə çempionu olub, 4 dəfə Azərbaycan kubokunu qazanıb, “Birlik kuboku”nu 2 dəfə ölkəmizə gətirib.