COP29

Bu da onun Azərbaycan millisində 39 oyunluq “zəhməti” - BİABIRÇI HESABAT!

27 Noyabr 2023 16:40 Milli komanda 676
Bu da onun Azərbaycan millisində 39 oyunluq “zəhməti” - BİABIRÇI HESABAT!

Azərbaycan millisində Canni de Byazi dönəmi başa çatdı.

2020-ci ilin avqustunda “sükanı” ələ keçirən italiyalı mütəxəssisin ölkəmizdəki fəaliyyəti 3 il 3 ayı, başqa cür desək 39 ayı əhatə etdi.

De Byazi mətbuata hər açıqlamasında öz işi haqda yüksək fikirlər səsləndirir, hər dəfə yeniliklərə imza atması haqda ağızdolusu danışırdı.

Madam ki, fürsət yaranıb, özünü böyük zat sayan məşqçinin Azərbaycandakı fəaliyyətinə, yəni komandanın keçirdiyi oyunlara nəzər salaq.

Beləliklə, millimiz 39 ayda 39 oyun keçirib. Bunların 10-da qələbəyə sevinən ölkənin bir nömrəli komandası 8 halda heç-heçəyə razılaşıb. Yerdə qalan 21 qarşılaşmada isə məğlubiyyət acısı yaşayıb.

İtalyan mütəxəssisin rəhbərliyi altında Azərbaycan yığması iki dəfə Millətlər Liqasında, hərəsində bir dəfə olmaqla dünya və Avropa çempionatının seçmə mərhələsində iştirak edib.

2020-2021 mövsümünü əhatə edən Millətlər Liqasında millimiz 6 xal (1 qələbə, 3 heç-heçə) toplayaraq mübarizəni 4 komanda arasında 3-cü sırada başa vurub.

DÇ-2022-nin seçmə mərhələsindəki yekun göstərici də ürəkaçan olmayıb. 8 oyundan cəmi 1 xal və 5 komanda arasında sonuncu pillə.

2022-2023 mövsümünü əhatə edən Millətlər Liqasını müəyyən mənada uğurlu saymaq olardı.

Mübarizənin əvvəlini boşa verən milli sona yaxın ayıldı ki, ardıcıl 3 qələbə nəticəsində ümumilikdə toplanan 10 xal (3 qələbə, 1 heç-heçə) 4 komanda arasında 2-ci olmağa kifayət etdi. Lakin bu yer ciddi mənada heç nəyə yaramadı.

AVRO-2024-ün seçmə mərhələsi də uğursuzluqla yadda qaldı. Tsiklın əvvəlindəki darmadağınlar sonuncu qarşılaşmada da təkrarlandı.

Canni de Byazinin rəhbərlik etdiyi kollektiv 8 oyundan 7 xal (2 qələbə, 1 heç-heçə) toplayıb qrupu 5 komanda arasında 4-cü yerdə başa vurdu.

Beləliklə, Azərbaycan yığması italyan çalışdırıcının rəhbərliyi altında meydana çıxdığı 28 rəsmi görüşdə vur-tut 6 qələbə qazanıb, 6 heç-heçə edib. Yerdə qalan 12 qarşılaşmanı məğlub başa vurub.

De Byazinin nisbətən öyünə biləcəyi rəqəmlər heç kimə lazım olmayan yoldaşlıq görüşlərində qeydə alınan nəticələrdir. 11 oyunda 4 qələbə, 2 heç-heçə və 5 məğlubiyyət.

39 matçda xalqa vur-tut 10 qələbə (4-ü yoldaşlıq görüşlərində olmaqla) bəxş edən adamın bu göstəriciyə görə öyünməsinin səbəbini yalnız özü və onun ağlında olanlar yaxşı bilər.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"