Millidə hamının BİR NƏFƏRdən zəhləsi gedir…

14 Oktyabr 2023 19:00 Milli komanda 9 389
Millidə hamının BİR NƏFƏRdən zəhləsi gedir…

Axır ki…
Qələbə 73 ay sonra gəldi.
AVRO-2024-ün seçmə mərhələsinin 5-ci oyununda ilk və bəlkə də sonuncu qalibiyyəti qazandıq.
Yolu çox uzun oldu. Amma oldu.
“Şükür” demək istəyirəm. və bir anlıq fikirləşirəm: buna da şükür eləyəcəyiksə, day nə oldu e?!
Millilərimiz uzaq Estoniyanın soyuq Tallinində 3 xalı sevə-sevə əldə etdi. Allah istəyəndə verir! Sən istə, çalış, mütləq mükafatını alacaqsan.
İlk dəqiqələrin təsir və təzyiqini tez də adlatdıq. Toral Bayramov başını ağılla işlətdi, topu astaca və ustaca yaxın küncə göndərdi.
1:0, irəlidəyik!
Fasiləyə lap az qalmış Rahil Məmmədov estonların qapısı önündə aləmi bir-birinə qatır. Əl topu tapmışdı, almaniyalı referi az fikirləşdi, çox fikirləşdi, axırda penalti nöqtəsini nişan verdi. Ramil Şeydayev soyuqqanlı tərzdə nöqtəyə yaxınlaşır və rəqibin “Arsenal”lı qapıçısını yanıldır. Top bir küncə yön alır. Karl Yakob Hein başqa bir küncə
Hesab artıq 2:0-dır, bizim xeyrimizə!
Aha, ikinci hissədə müdafiə haqda daha çox düşünmək olar. Estonlar irəli gedir, irəli gedir, bizimkilər də onlarla bərabər. Beləcə, dəqiqələr bir-birini qovur, hesab dəyişmir.
Canni De Byazi hardansa peyda olur, Mahir Emrelini, Rahil Məmmədovu və Emin Mahmudovu oyundan alır. Üçü də deyinə-deyinə, dodaqaltı mızıldana-mızıldana meydanın kənarına yaxınlaşır.
Hər şey aydındır. Bu futbolçular, onların da timsalında komandanın heç bir üzvü baş məşqçini sevmir, ona antipatiya bəsləyir. Açıq sorğu keçirsən, böyük ehtimalla, italyandan zəhlələrinin getdiyini də gizlətməyəcəklər.
Bu, bir yerdə qırılacaq, partlaq verəcək. Məni ən çox qayğılandıran da budur. Tallin qələbəsi ürəyimə yağ kimi yayılsa da, komandadaxili münasibətlərdən narahat qaldım...

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti