Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Estoniyanın qonağı olan millimiz Toral Bayramov və Ramil Şeydayevin ilk hissədə vurduğu qollarla yekunda 3 xalı aktivinə yazıdırıb.
Matçda sonra keçirilən mətbuat konfransında millinin çalışdırıcısı Canni De Byazi yenə əsəbiləşib.
O, jurnalistin “Qələbə gözəldir, amma millimiz çoxdandı belə zəif rəqiblə qarşılaşmırdı...” fikrinə qəzəblənərək “Siz sevinməyi bacarmırsınız. Sual çətin deyil, sadəcə, sual verə bilmirsiniz...” – deyə reaksiya verib.
Cənab De Byazi, bizim belə qələbələrə sevinən vaxtımız çoxdan keçib.
Elə 30 ildi hər seçmə mərhələdə bir qələbə qazanmağın sevincini yaşamışıq.
Həm də bürdətdiyimiz millilər Estoniyadan dəfələrlə güclü rəqiblər olub.
Məsələn, Slovakiya, İsveçirə, Finlandiya, Türkiyə, Şimali İrlandiya, Norveç və.s.
Qələbəyə bərabər Portuqaliya, Belçika, Rusiya kimi nəhənglərlə bərabərliklərimiz də olub.
Bəlkə, sənə deməyiblər.
Amma agah ol ki, biz hər dəfə həmin qələbələrə uşaq kimi sevinib, gələcəyə böyük ümidlər bağlamışıq.
“Bəlkə, bu dəfə...” – deyib nə xəyallar qurmuşuq.
Amma hər dəfə də ümidlərimiz puç olub.
Hər parlaq zəfərdən sonra məğlubiyyətlər sıralanıb.
Elə sizə milyonlar sərf edib bura gətirməkdə məqsəd arzuolunmaz tendensiyanı dəyişmək xəyalımızdır.
Amma siz də bir işə yaramadınız.
Eyibinizə kor olmaq əvəzinə isə bizdən estonları udduq deyə sevinmək gözləyirsiniz.
Xəyallarımız indi də sizin timsalınızda puç oldu deyəmi sevinək?
Yoxsa, bizi yenidən 90-lar qaytarmaq həvəsinə düşmüsünüz?
Əgər belədirsə, yenə səni qınamıram.
Səndə nə günah var, nə də problem.
Yazıqlar olsun sənin dilinin bu qədər uzanmasına yol açanlara. Gərək vaxtında sözünüzü kəsərdilər...
XANOĞLAN İMANOV

