Millimiz Avro-2024-ün seçmə mərhələsi çərçivəsində F qrupunda növbəti oyununu keçirib.
Canni De Byazinin baş məşqçi olduğu komanda səfərdə Estoniya ilə üz-üzə gəlib.
Görüş yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Sportinfo TV-nin eksperti Elçin Cəfərov qarşılaşma ilə bağlı maraqlı şərh verib.
O, deyib ki, Estoniya, Litva və s. kimi komandalara qarşı belə qalibiyyətləri bayram səviyyəsinə çıxarmaq düzgün yanaşma deyil:
“Bu milli meydanın rəqibə aid olan hissəsində nə qədər çox qalsa, faydalı iş əmsalı o qədər böyük olar.
Komandamız meydana 5-li müdafiə xətti ilə çıxmışdı. Oyunun gedişinə görə bəzi məqmlarda 4-lüyə də dönürdü.
İlk hissədə cinah oyunlarına üstünlük verən millimiz erkən qolla psixoloji üstünlüyü ələ keçirdi. Ancaq oyun olaraq əldə olan oyunçu qrupuna baxdıqda, daha yaxşı çıxış etmək potensialına malikik.
Bəs niyə alınmır? Məşqçi işinin istənilən səviyyədə olmadığının qənaətindəyəm.
İkinci hissədə topu rəqibə verib, daha çox topun arxasınca qaçmağı seçdik. Yaranan boşluqlardan əks-hücum taktikası seçdik. Amma belə boş zonalar çox olsa da, hücumda çoxalmada problem yaşadıq.
Çünki fiziki daha çox yorulmuşduq. Topu oyuna daxil edərkən mərkəzdə rəqibi basqı ilə qarşılasaq, top daha çox üçüncü zonada qala bilərdi.
Amma ilk hissədəki 20 dəqiqəlik bölümdə topa sahib olub, ötürmələrə üstünlük verdikdə cinah oyunları ilə rəqibə problemlər yaşatdıq.
Təbii ki, qələbənin böyüyü-kiçiyi olmur. Bu, tsikldə ilk qələbəmizdir.
Ancaq bunu bayram səviyyəsinə qaldırmaq heç də düzgün deyil. “Qarabağ” Avroliqada Avro-2024-də qrupda mübarizə apardığımız İsveç çempionu “Hakken”ə səfərdə qalib gəlir.
“Qarabağ” digər aparıcı ölkələrin klublarının diqqətlə yanaşdığı, hörmət bəslədiyi kollektivdir. Yəni, biz əsl sevinci Ağdam klubu sayəsində yaşayırıq.
Estoniya, Litva və s. kimi komandalara qarşı belə qalibiyyətləri bayram etməyi doğru saymıram. Alqışlayaq, amma qeyri-adi qalibiyyət kimi qələmə verməyək”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

