Qələbə qazanmaq boyununuzun borcudur!

13 Oktyabr 2023 16:00 Milli komanda 955
Qələbə qazanmaq boyununuzun borcudur!

Azərbaycan millisi bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq.

Ölkəmizin bir nömrəli futbol komandası yer aldığı F qrupunda beşinci oyununu Tallində Estoniya seçməsinə qarşı keçirəcək.

Sözsüz, vurğunu rəqibin adına vuranlar Canni de Byazinin rəhbərlik etdiyi və xeyli sayda futbolçunun legioner həyatı yaşadığı millimizdən qələbə gözləyir. Ki, insanların buna haqqı çatır.

Estoniya son vaxtlar doğma meydanda ortabab rəqiblərə qarşı keçirdiyi matçlardan üzüağ çıxmağı bacarıb. Bu da səbəbsiz deyil. Estonların futbolçuları da bizimkilər kimi Avropanın müxtəlif ölkələrində top qovur. İngiltərə “Arsenal”ının, İtaliya “Roma”sının sıralarında olan futbolçular var.

Amma bu və digər məqamlar yığmamızın vətənə əliboş, lap dəqiq desəm, qələbəsiz qayıtmasına səbəb ola bilməz.

Bugünkü millinin özəyini ölkə xaricində top qovan legionerlər, “Qarabağ”, “Neftçi”, “Sabah” kimi ölkənin aparıcı komandalarında top qovan oyunçular təşkil edir. Yəni italiyalı çalışdırıcının oyunçu keyfiyyəti baxımından rəqibdən geri qaldığımızı əsas gətirməsi ən yaxşı halda bəhanə sayılacaq. Estonlar heç bir halda bizimkiləri üstələmir.

Üstəlik, bu matç cütlü oyunların birincisidir, ikinci deyil. Don Canni yorğunluqdan, sıx qrafikdən, itkilərdən, nə bilim daha başqa nələrdən gileylənə bilməz.

Hə, yaxın keçmişdəki nağılı da unutmamışıq. Ötən Millətlər Liqasında 10 xal toplayan, son 3 oyunda Belarus, Slovakiya və Qazaxıstanı məğlub edən millimizin əcnəbi baş məşqçisi israrla rəhbərlik etdiyi komandadakı inkişafdan, parlaq gələcəkdən bəhs etməklə özünə xal qazanmağa çalışmışdı.

İsveçlə Avstriyaya səfərdəki darmadağınlar, Belçikaya Bakıdakı minimal hesablı məğlubiyyət De Byaziyə rəqiblərin səviyyə baxımından bizimkiləri üstələməsi baxımından bəhanə imkanı vermişdi.

Amma indi bəhanəyə zərrə qədər də yer yoxdur. Azərbaycan millisi ev oyununda məğlub edə bilmədiyi Estoniya seçməsini bu dəfə meydanı başıaşağı tərk etməyə məcbur etməlidir. İtalyan bununla da 3 ildir Azərbaycandan evinə apardığı pulların qismən qarşılığını verməlidir.

Tək Canni yox, elə futbolçular da həmçinin. Özünü dünyanın ən yaxşıları sırasında görən bəzi futbolçular əsl futbolçu olduğunu Tallində göstərməlidir.

Zəhmət çəkib, qələbə qazanın! Xalqı sevindirin! Əyninizdə daşıdığınız şanlı formanın haqqını verin!

Estoniyanı udmaq boynunuzun borcudur.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti