U-21 millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti məğlubiyyətin alıb.
“Azərsun Arena”da baş tutan görüşdə rəqib Şimali İrlandiyanın eyni yaş qrup millisi olub.
Kiaran Makkuckin 19-cu dəqiqədə vurduğu qol qarşılaşmada yeganə olub.
Halbuki hesabı bərabərləşdirmək, hətta önə keçmək üçün yaxşı imkanlarımız olub.
Gənclərimiz qarşılarına çıxan bütün fürsətləri əllərinin, ayaqlarının arxası ilə yana çeviriblər.
Yox, yanlış alnamayın. Gələcəyimiz hesab olunan futbolçular nə möhtəşəm oyun keçirib, nə də qol epizodların sıraya düzüb.
Sadəcə bolqarıstanlı baş hakim Georgi Davidov U-21 millimizin uğurlu olması üçün hər şey edib.
Belə ki, 37-ci dəqiqədə rəqib qapısına penal təyin olunub.
“Sabah”ın futbolçusu Camal Cəfərov əla imkanı boşa xərcləyib. Onun zərbəsi çərçivədən yan keçib.
38-ci dəqiqədə referi ikinci yaxşılığı ilə yadda qalıb.
O, bu dəfə qonaqların futbolçusu Aaron Donlini meydandan qovub.
Amma bu da bizimkilərin ayılmasına, geridönüş etməsinə kömək etməyib.
Sona kimi meydançada ora-bura vargəl edən millimiz sonda layiq olduğu məğlubiyyətlə meydandan ayrıldı.
Birinci turda serblərə boyun əyən Samir Əliyevin yetirmələri qrupdakı çıxışını xalsız və qolsuz olaraq davam etdirir.
Başımız qarışıb əsas milliyə, Canni De Byaziyə. Amma fərqinə varmırıq ki, yuxarıdakı problemlərdən daha dərini aşağı yaş qrup millilərimizdədir.
Bu günümüz əsas millinin timsalında puç olub.
Deyəsən, gələcəyimiz bu gündən də betər gündə olacaq.
Axı bu gənclər sabah əsas milli komandamızın üzvləri olacaqlar.
Bu futbolla?
Bax, əsl fəlakət bundadır.
XANOĞLAN İMANOV

