COP29

İlkin Fikrətoğlu - O, 3 aydan sonra gedəcək və yerində...

19 Sentyabr 2023 21:00 Milli komanda 901
İlkin Fikrətoğlu - O, 3 aydan sonra gedəcək və yerində...

AVRO-2024-ün seçmə mərhələsində ilk 3 oyunda cəmi 1 xal toplayan, 2 qol vurub qapısından 10 top buraxan Azərbaycan millisindən dünyanın top “5-liy”ində yer alan Belçikayla oyunda nə gözləmək olardı ki?

Qələbə bizim ücün əlçatmaz görünmürdüsə, 1 xal səs-küylü sensasiya olacaqdı.

Futbolçularımızdan gözləntimiz yalnız mübariz, əzmkar oyun idi. Hadisələri qabaqlayaraq deyim ki, milli komanda bunu bacardı.

Oyuna qədər baş məşqçimiz Canni Dse Byazi yenə sosial şəbəkələrin anti-qəhrəmanı idi.

Əksəriyyət onu mübariz, döyüşkən oyunçu kimi tanınan Amin Seydiyevi “23-lük”dən kənarda saxladığına, “Neftçi”də ehtiyatda oturan Höccət Haqverdini isə heyətə daxil etdiyinə görə asıb-kəsirdi.

Bəlkə də elə bu kütləvi qınağın nəticəsi idi ki, de Byazi Höccəti Belçikayla oyunda nə əsas heyətə daxil etdi, nə də sonradan oyuna buraxdı.

Amma Aminin yeri həqiqətən də meydanda görünürdü.

De Byazinin heyətlə bağlı əsas səhvi isə orta sahədə eyti tipli 3 yarımmüdafiəçinin - topla oynamağı sevən, yaradıcı oyuna üstünlük verən Aleksey İsayev, Coşqun Diniyev və Emin Mahmudovun eyni vaxtda meydanda olması idi.

Belçika kimi ulduzlar toplusundan ibarət rəqiblərin qarşısında Azərbaycan kimi komandaların orta sahədə nəsə yaratması müşkül olduğundan, yarımmüdafiədə yaradıcı yox. dağıdıcı oyuna üstünlük verən futbolçuların olması məntiqəuyğun sayılır.

De Byazi bu səhvinin də bədəlini ödəməli oldu. Coşqun Diniyev Lukakunu Azərbaycan çempionatında hansısa futbolçu sanıb, fint göstərmək istədi, nəticədə Şahruddin topu tordan çıxardı.

İnsafən, bu kuryoz qolda qapıçımızın heç bir səhvi yox idi. Ümumiyyətlə. Şahruddin Belçikayla matçda komandamızın ən yaxşılarından idi.

Ən yaxşı isə sözsüz, ki, Bəhlul Mustafazadı idi.

Necə də əzmlə, ürəkdən, canıyla-qanıyla oynayır, havada, yerdə - bütün mübarizələrə fədakarcasına qoşulur, Lukakunun nəhəng cüssəsindən, Bakoyoko və Onananın texnikasından, Karraskonun zərbələrindən çəkinmirdi!

Həm millidəki, həm “Qarabağ”dakı oyunu əminliklə deməyə əsas verir ki, 27 yaşlı Bəhlul artıq Azərbaycan səviyyəsini aşıb və Avropanın ən azı ortabab klublarında oynaya bilər.

Şahruddin və Bəhlulla yanaşı, sürətli cinah keçidləri, hücuma fəal qoşulması ilə Elvin Cəfərquliyev də alqışalayiq oyun göstərdi.

Bir azərbaycanlı müdafiəçinin Karrasko kimi futbolçudan topu alıb cinahla 70 metrə yaxın irəliləməsini nadir hallaarda görmüşük.

Ramil Şeydayev də adəti üzrə ürəkdən oynayırdı. Texnikası yüksək səviyyədə olmasa da, əzmkarlığı ilə bunu sığortalayırdı.

Belçikanın müdafiəsinə cinah həmlələri və zərbələri ilə bir necə dəfə həyəcan yaşatdı. Renat Dadaşov da qonaq müdafiəçilərin əhatəsində itib-batmırdı.

Çətin vəziyyətdə qapıya başla vurduğu top səviyyə göstəricisi idi.

Təəssüf ki, millinin kapitanı Emin Mahmudov oyunda ən real qol şansımızı dəyərləndirə bimədi. Yoxsa bəlkə də günün sensasiyalarından birinə məhz Mərdəkanda imza atılacaqdı.

Fikrimcə, bu yığmamızn AVRO-2024-ün seçmə mərhələsində keçirdiyimiz 4 matç arasında ən yaxşısi idi. Bu oyun göstərdi ki, de Byazi indiyədək burada baş girləyib.

“Bizdə futbolçu olmayıb, olmayacaq”, “olanımız budur”, “de Byazi neyləsin” kimi çürük, boş arqumentlərə söykənənlərin də məntiqi qıcqırıb.

Bizdə futbolçu olub, var və olacaq da. Çatışmayan bacarıqlı futbol idarəçiləri, yerində olmayan kadrlar və normal məşqçidir.

Elxan Məmmədov və onun illərlə futbolumuza soxuşdurduğu geydirmə kadrlara, Foqts, Yurçeviç, de Byazi kimi məşqçilərə görə illəri boşa verdik.

Ümid edirəm ki, de Byazi ilə 3 aydan sonra vidalaşacaq və onun yerində bu heyətdən normal bir komanda quran məşqçi görəcəyik.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!