De Byazinin uydurma gənc və gələcək söhbətləri

16 Sentyabr 22:20 Milli komanda 422
De Byazinin uydurma gənc və gələcək söhbətləri

"Meydanda çox gənc komanda var idi. Müdafiəçilərimiz 98-97-ci il təvəllüdlüdürlər. Heyətdə olanların hamısı gənclərdir".

Bu fikirləri İordaniya yığması ilə yoxlama görüşündən sonra (2:1) milli komandamızın baş məşqçisi Canni De Byazi səsləndirib.

Öncə ondan başlayaq ki, 98-97-ci il təvəllüd dediyin uşaqların yaşı 25, 26 edir. Bunun harası gəncdir?

İtalıyalı mütəxəssis hələ bir az da qabağa gedib heyətdə olan hər kəsi gənc kimi təqdim edib.

Maraqlıdır, meydana ilk "11-lik"də çıxanlardan ən aşağı yaş Musa Qurbanlıya məxsusdur. Forvardın 22 yaşı olmasına 7 ay qalır. Normalda heç Qurbanlı da gənc sayıla bilməz.

O ki qalmışdı 30-u haqlayan/ötən Emin Mahmudov, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Filip Ozobiç və.s.

Avropada 18/19 yaşlı futbolçular böyük klublara transfer olunurlar, böyük turnirlərdə qolları sıralayırlar.

Bizə gələn avropalı məşqçi də 25-26 yaşlı futbolçunu gənc sayır.

İndiki millidə ən yaxşı halda gənc deyə biləcəyimiz 2 ad var - Yusif İmanov, Emil Səfərov.

Onların da 20 yaşı tamamdı.

İkinci cəmi 23 dəqiqə oynamaq imkanı qazandı.

İmanov isə 1 dəqiqə belə oynamaq imkanı almadı.

Xüsusi ilə 20 yaşlı Yusifin 1 dəqiqə meydanda olmaması düşündürücü məqamdır.

Gənc "Sabah"lını Avstriya yığması ilə əhəmiyyətli görüşdə (1:4) əsas heyətdə meydana buraxıb yandırmaqdansa (əgər davamlı güvənsə qərarına iki əlli razı olardım)elə məhz İordaniya kimi dişimizə görə rəqiblərlə yoxlama matçında meydana buraxmaq lazım idi.

Sonunucu görüşdə "Şah"a 90 dəqiqə güvənmək nəyə lazım idi?

Heç nəyə!

Türkiyədə legioner həyatı yaşamağa qərar verən sabiq "Qarabağ"lı qısa müddətdə qardaş ölkəyə get-gəl etməklə yol yorğunluğu almışdı.

Həm də yeni komandasına daha erkən qoşulmaq fürsətini ona tanımaq olardı.

Əvəzində Murad Musayevin kəşfini 90 dəqiqə oynatmaqla milli havanı daha yaxından hiss etməsinə vəsilə olmaq vacib idi.

Ki, debütdakı faciəni də unuda bilsin.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti