Baş məşqçi “Qarabağ”ın futbolçularından incik düşüb

14 Sentyabr 20:40 Milli komanda 8 704
Baş məşqçi “Qarabağ”ın futbolçularından incik düşüb

U-21 Avropa çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başladı.

Samir Əliyevin rəhbərlik etdiyi komanda Serbiyada baş tutan görüşdə meydan sahiblərinə 0:2 hesabı ilə uduzdu. Həm də rəqibə müqavimət göstərmədən.

Əliyevin bu oyun üçün heyət seçimini görəndə iki vacib futbolçunun yoxluğuna təəccüblənməmək mümkün deyildi. “Qarabağ”da Qurban Qurbanovun güvəndiyi Nəriman Axundzadə və qapıçı Amin Ramazanov.

Maraqlandıq və məlum oldu ki, Samir bəy sözügedən futbolçulardan incik düşüb. Başqa cür desək, qeyri-müəyyən müddətə bu adların üstündən xətt çəkib.

Səbəb martda yaşanmış hadisədir. Martın 26-da “Qarabağ” “Qalatasaray”la yoldaşlıq görüşündə üz-üzə gələndə, həmin gün Azərbaycanla Sloveniyanın U-21-ləri sınaq matçında qarşılaşırdı.

Əldə etdiyimiz bilgiyə görə, Samir Əliyev hər iki futbolçunu Sloveniya ilə görüş üçün sərəncamında görmək istəyib. Amin mikrozədəsinin olduğunu bildirib,

Nəriman isə “Qalatasaray”a qarşı forma şansı qazanmaq sevdasından bəhs edib. Nəticədə heç biri millinin düşərgəsinə yollanmayıb.

Nəticədə, Ramazanov start heyətində yer alıb, Axundzadə isə 67-ci dəqiqədə Adama Diakabinin əvəzinə meydana daxil olub.

U-21-in baş məşqçisi məlum mənzərəni izləyəndən sonra “Qarabağ”ın gənclərindən incik düşüb.

“Qalatasaray”a qarşı oynamağı milli formasını daşımaqdan üstün tutan bu iki futbolçunu bir daha rəhbərlik etdiyi komandaya dəvət etməyəcəyinə dair özünə söz verib.

Təbii, hər iki tərəf özlüyündə haqlıdır. Bəlkə də işin içində bilmədiyimiz nüanslar da var. Fakt faktlığında qalır ki, bu cür məqamlarda itirən milli olur.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti