Biz nə Cəbəllütariqik, nə də Farer Adaları ki...

12 Sentyabr 2023 19:00 Milli komanda 928
Biz nə Cəbəllütariqik, nə də Farer Adaları ki...

Milli komandamıza əhsən!

Bu fikri Avropa çempionatının seçmə mərhələsində Belçikaya minimal hesabla məğlub olan (0:1) yığmamız haqqında tez-tez eşidirəm.

Bəli, dünya reytinqində ilk beşlikdə olan milliyə qarşı belə mübarizə ilə uduzmaq normaldı. Amma alqışa, tərifə layiq deyil.

Gələcəyə isə heç ümid vermir.

Onda olardı ki, qrupda dişimizə görə rəqib hesab olunan estonlara futbol dərsi keçə bilsərdik.

Ən azından 90 dəqiqə üstün oyunla 1 topluq da olsa qələbəni təmin edərdik.

Yoxsa estonlarla evdə bacarmayan yığmanın lap son dünya çempionu Argentinaya da 0:1 uduzması gələcəyə ümid vermir.

Necə ki, Qazaxıstan üzərində qazanılan lazımsız qələbə ümid vermirdi.

Kimlərsə bəh-bəhlə həmin qələbəni inkişaf kimi gözümüzə soxurdu.

Biz lazımsız qələbədi deyəndə olurduq xalq düşməni.

Milli komandanı sevməyən adam.

Üzərindən heç altı ay keçməyib, həmin Qazaxıstan Avropa çempionatına getmək üçün döyüşür, mübarizə aparır.

Çıxış etdikləri H qrupunda 6 matçdan 4-də qələbə qazanıblar.

Finlandiya ilə xalı bərabərdi, lider Sloveniya və Danimarkadan 1 xal geri qalır.

Biz də qalmışıq estonların əlində, yox, ayağının altında.

Hər halda, onlar olan qrupda qrup sonuncusu olmaq rəzalətdi.

Biz nə Cəbəllütariq deyilik, nə də Farer Adaları. Ki, Belçikadan 1 top buraxmağa, daha çox mübarizə aparmağa görə sevinək.

Biz federasiyasının büdcəsi 33 milyon manatdan çox olan ölkəyik.

Milli komandalarına ildə 15 milyon manatdan çox pul xərclənən ölkəyik.

10 ildi sərasər avrokuboklarda qruplara qalan kluba sahib ölkəyik.

Millisində Rusiyadan, Xorvatiyadan, Braziliyadan, İrandan gələn əcnəbilərin milliləşdirilərək oynadıldığı ölkəyik.

Heyətdə yer alan yerlilər santexnik, bank işçisi yox, bir neçəsi dünyanın bir sıra ölkələrində legioner həyatı yaşayan, əksəriyyəti “Qarabağ”ın sıralarında dünya nəhənglərinə qarşı başabaş mübarizə aparan futbolçulardı.

Belə ölkənin millisinin azarkeşlərin Lukakunun qol vurmaması, Bəhlulun döyüşməsi, Renatın əla baş zərbəsi ilə ovundurmaq yumşaq desəm insafdan, vicdandan deyil.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti