De Byazinin QARA YALANI

10 Sentyabr 2023 21:20 Milli komanda 8 843
De Byazinin QARA YALANI

"De Byazi mənə dedi ki, boyun balacadı. Həmin mövqedə ucaboy futbolçu oynatmaq istəyirəm".

Bu fikirləri layiq olduğu halda milli komandaya çağırılmayan Qara Qarayev təxminən bir il əvvəl mətbuata açıqlamasında dilə gətirmişdi.

Arxada qalan bir ildə də italiyalı sözünə sadiq qalaraq təcrübəli müdafiəçini əsas yığmaya dəvət etmədi.

Halbuki Qara bu müddətdə heç də pis formada olmayıb.

De Byazi nağıl danışdı, biz də "udduq" keçdi.

Bir müddət...

Avropa çempiontının seçmə mərhələsinin Belçika ilə matçı göstərdi ki, De Byazi danışdığı nağıla heç özü də inanmır.

Əks halda, Qaraya balaca deyən adam niyə Qara boyda bir başqa yarımmüdafiəçini oynatsın ki?

Söhbət Coşqun Diniyevdən gedir.

"Səbail"in baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin sabiq üzvü Şahin Diniyevin oğlu 0:1 məğlub olduğumuz oyunda 84 dəqiqə meydanda oldu.

İlk hissədə səhvindən qol vuruldusa, ikinci yarı onun səhvindən sonra 0:2 olmaqdan son anda qurtulduq.

Amma hər şeyə rəğmən 84 dəqiqə meydanda qaldı.

İnsandı, bəlkə də kənardan Coşqun Canni üçün Qaradan hündür görsənir.

Diqqətinə çatdırım ki, hər iki dayaq yarımmüdafiəçisinin boyu 1.69-dur.

Hər halda, bəlkə növbəti görüşlərdə nəzərə alar.

Axı boyda eyni olsalar da meydandakı iş əmsallarına görə balaca Diniyev Qarayevdən çox balacadır.

Bu, bir daha sübut edir ki, De Byazi Qaranı oyunçu keyfiyyətlərinə görə yox, meydandan kənar hansısa şəxsi maraqlara görə milliyə dəvət etmir.

Milli komanda isə şəxsi maraqların oylağı olmamalıdır. Heç bir halda!

Boy balaca olsa da olar, əsas odur düşüncə, vicdan balaca olmasın.

Görünür, milli ətrafında belələri çoxluq təşkil edir.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti