Millinin üz qaraldan futbolçuları bircə bunu bilir - “QURU” SAĞ OL!

27 İyun 2023 21:00 Milli komanda 1 148
Millinin üz qaraldan futbolçuları bircə bunu bilir - “QURU” SAĞ OL!

AVRO-2024-ün seçmə mərhələsində növbəti matçını keçirən Azərbaycan millisi yenə qələbəyə həsrət qaldı.

İyunun 17-də “Dalğa Arena”da Estoniya seçməsi ilə üz-üzə gələn ölkəmizin bir nömrəli futbol komandası meydanı heç-heçə ilə tərk etdi – 1:1.

Oyunu izləmək üçün paytaxtdan xeyli aralıda yerləşən Mərdəkana üz tutan azarkeşlərin üzgünlüyü anlaşılan idi. Hər biri “Dalğa”ya qələbə görmək arzusu ilə yollanmışdı.

Qarşılaşma başa çatandan sonra ölkə futbolsevərlərinin AFFA rəhbərliyini, italyan baş məşqçini, hətta futbolçuları “topa tutması” anlaşılan idi.

Canni de Byazi matçsonrası mətbuat konfransında heç kimdən üzr istəmədi. Əksinə, səsləndirdiyi fikirlərlə belə də olmalıymış şəklində mesaj verdi.

Həmin jesti futbolçulardan gözləyirdik ki, bu da baş vermədi. Jurnalistlərə açıqlama verən oyunçulardan heç biri stadiona toplaşan fanatları məyus etdiklərinə görə üzrxahlıq etmədi.

Üstündən bir neçə saat keçəndən sonra milli üzvlərinin bəziləri sosial şəbəkə hesabında paylaşım etməyi vacib sayıb. Azarkeşlərə təşəkkür edilib, lakin uğursuz 1:1-ə görə üzr və məyusluq adına heç nə yoxdur.

Emin Mahmudov: “Dəstəyinizə görə təşəkkürlər!”

Mahir Emreli: “Yaxşı ki, varsız. Bu 1 xalı da sizin sayənizdə qazandıq”.

Şahruddin Məhəmmədəliyev: “Bizimlə olduğunuz üçün çox sağ olun”.

Elvin Camalov: “Dəstəyinizə görə təşəkkürlər!”

Anton Krivotsyuk: “Millidə debüt qolu. Dəstəyinizə görə təşəkkür edirəm”.

Renat Dadaşov: “Dəstək verdiyiniz üçün çox sağ olun”.

Azərbaycan millisi qrupda növbəti görüşünü sentyabrın 9-da Bakıda Belçika yığmasına qarşı keçirəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti