Almaniyada keçiriləcək 2024-cü il Avropa çempionatının seçmə mərhələ oyunları davam edir.
Qitənin yaşıl meydanlarında baş tutan oyunlarda kiçik komandaların sürprizləri diqqət çəkməyə bilməz.
Ötən gecə Qazaxıstan yığması səfərdə Şimali İrlandiya üzərində 1:0 hesablı qələbəyə sevindi. Vaxtilə yığmamızın qapısına 3 qol vurduğu asiyalılar seçmə mərhələdə qrup ikincisidir.
Hələ seçmə mərhələnin ikinci turunda dünya çempionatının iştirakçısı və son illər yaxşı çıxışı ilə diqqət çəkən Danimarka üzərində geridönüşlə qələbə qazanan qazaxlar sürprizlə yadda qalmışdı. Artıq onların aktivində 9 xal var.
Məhz bu cür inamlı qələbələr onların AÇ-yə ümidlərini artırır və oyundan-oyuna daha yaxşı çıxış etməsinə səbəb olur. Unutmayaq ki, asiyalılar Millətlər Liqasında məhz Azərbaycan yığmasının yer aldığı qrupu da lider kimi başa vurmuşdu.

Qonşu ölkələrimizdən olan Gürcüstan yığması da qrupda ikinci pillədə qərarlaşıb. İspaniya, Norveç, Şotlandiya kimi millilərin yer aldığı qrupda onlar 4 xal toplamağı bacarıb. Erlinq Haaland kimi parlayan ulduzu olan, Martin Odeqar kimi Avropa meydanlarında adından söz etdirməyi bacaran futbolçulara malik Norveçlə heç-heçədən sonra gürcülər səfərdə Kipr üzərində qələbəyə sevindi. Xviça Kvaratsxeliyanın liderliyində onlar da Avropa çempionatı üçün mübarizə aparır.

Düşmən ölkə Ermənistan yığması isə artıq 6 xal qazanıb. Ötən tur səfərdə Uelslə qarşılaşan ermənilər 4:2 hesablı inamlı qələbə ilə yadda qaldı. Türkiyə millisi ilə eyni qrupda yer alan Ermənistan Uels və Xorvatiya yığmalarını qabaqlayaraq yuxarı pillədə qərarlaşıb. Türkiyənin ötən tur çətinliklə məğlub etdiyi Latviya üzərində ermənilər ötən gün 2:1 hesablı qalibiyyətə sevindi. Onlar da AÇ-nin final mərhələsinə ümid edirlər.
.jpg)
Vaxtilə yığmamızın hər dəfə udduğu tək-tük rəqiblərdən olan Lüksemburq yığması da aktivinə 4 xal yaza bilib. Cırtdan ölkə təmsilçisi qrupda 3-cü pillənin sahibidir. Millətlər Liqasında komandamıza məğlub olan Belarus isə ötən gecə Kosovo üzərində 2:1 hesablı qələbə ilə sürpriz etdi. Heyətində ulduz futbolçuların yer aldığı kosovolulara qalib gəlmək belaruslular üçün uğur sayıla bilər.

Azərbaycan yığması isə hər dəfə uğursuzluqları ilə yadda qalır. Səfərdə Avstriyaya və İsveçə darmadağından sonra komandamız evdə də bərbad çıxış etdi. Qrupda yeganə məğlub edə biləcəyimiz Estoniya 8 əsas futbolçusu olmadan meydana çıxıb yığmamızdan xal aldı. Hər dəfə rəsmi şəxslər və AFFA idarəçiləri komandamızın məğlubiyyətindən sonra gah futbolçuları, gah məşqçiləri günahlandırır. Necə olur ki, illərdir Azərbaycan yığması bundan bir çıxış yolu tapa bilmir? Gürcüstan, Ermənistan, Qazaxıstan inkişaf yolu cızır və uğurlara imza atır. Azərbaycan isə zəif komandaların yer aldığı Millətlər Liqasında belə lider ola bilmir?
.jpg)
Milli komandamızın 67 yaşlı baş məşqçisi Canni De Byazi bu dəfə də qalmaqallı açıqlaması ilə özünü hədəfə çevirdi. Seçmə mərhələnin ikinci turunda İsveçə 0:5 hesablı məğlubiyyətdən sonra “əla oyun göstərdik” deyərək azarkeşləri qıcıqlandıran italyan çalışdırıcı bu dəfə “məni Azərbaycan yığmasından qovsalar, gedəcəm” deyərək AFFA-nın ondan sanki məmnun olduğuna işarə vurdu. Əlbəttə ki, 2 saat İcraiyyə Komitəsinin iclasında oturub Premyer Liqada 10 ya 12 komanda mübarizə aparacağını bilməyən Elmar Məmmədyarov, hələ də Parisdə oturan Elxan Məmmədovun adam olan Vaqif Sadıqov, 80 il Azərbaycanda yaşayıb dilimizdə bir kəlmə bilməyən Kazbek Tuayev və digərləri De Byazidən məmnun olacaq. Axı onlar bir gün olsa da, Azərbaycan futbolu barədə düşünməyiblər.

Elsevər Məmmədov

