Yığmamız dünən AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində ilk ev oyununa çıxdı.
Komandamız Bakıda Estoniyanı qəbul etdi – 1:1.
«Dalğa Arena»da keçirilən qarşılaşmadan sonra mətbuat konfransında gərgin anlar yaşandı. Canni De Byazi ona ünvanlanan «tikanlı» suallardan narahat oldu və aqressiv cavablar verdi:
“İlk hissəni çox aşağı səviyyədə oynadıq. Oyunumuz heç cür alınmırdı. Topu idarə edə bilmirdik.
İkinci hissəyə dəyişikliklərlə başladıq və çox yaxşı oynadıq. Daha artığına layiq idik.
Son dəqiqədə topun qapı dirəyinə dəydiyi epizodda bir az bəxtimiz gətirsəydi, qalib gələ bilərdik. Oyundan 50 faiz razıyam".
67 yaşlı mütəxəssis fasilədən sonrakı oyunla millinin qələbəyə layiq olduğunu söylədi:
“İlk hissədə onlar çox yaxşı oynadılar. Daha iki qol vura bilərdilər. Fasilədən sonra isə biz üstün idik. Düşünürəm ki, ikinci yarıdakı çox yaxşı oyunumuzla qələbəyə layiq idik”.
İtalyan çalışdırıcı “İlk hissədəki zəif oyunun səbəbi start heyəti yanlış müəyyənləşdirməyiniz ola bilərmi” sualını cavablandırarkən dedi:
“Çoxdandır bu sistemlə onayırdıq. Matçdan əvvəl sistemi dəyişmək fikirlərim var idi.
Amma oyundan əvvəl dəyişsəydim və nəsə alınmasaydı, siz məni öldürərdiniz. İlk hissədə oyun yaxşı getmədiyi üçün dəyişikliklər etdik.
Bizdə mövsüm başa çatıb. Çox oyunçular yorğundur. Rəqibdə isə fərqlidir.
Onlarda isə mövsüm davam edir və daha yaxşı fiziki formadadırlar. Nəticəyə görə məyusam, amma ikinci hissədəki oyundan razı qaldım”.
C.De Byazi baş məşqçi postundan istefa verməyi düşünmədiyini əlavə etdi:
“Xarakterimdə nəyisə yarımçıq qoymaq yoxdur. Daha güclü komandadan təklifim var idi.
Amma müqaviləm olduğu üçün imtina etdim. Ancaq məni qovsalar, gedərəm. Buradayam və işimi görürəm”.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

